Prezident İlham Əliyev Davosda “BlackRock”un baş icraçı direktoru Larri Fink ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “BlackRock” arasında mövcud əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin Azərbaycanda infrastruktur sahəsində potensial investisiya imkanları müzakirə olunub. Dövlət Neft Fondu ilə “BlackRock” və bu şirkətin tərkibinə daxil olan, qlobal infrastruktur investisiya idarəetmə şirkəti olan “Global Infrastructure Partners” arasında uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun imzalanıb.
Davos görüşü ARDNF-in klassik “təhlükəsiz aktivlər” strategiyasından bir az kənara çıxıb real sektor və infrastruktur investisiyalarına marağını açıq göstərir. BlackRock təsadüfi tərəfdaş deyil. Onlar pul idarə etmir, riski ölçür, siyasi və iqtisadi sabitliyi qiymətləndirir və uzunmüddətli oyunu oynayırlar. Üstəlik Global Infrastructure Partners-in işə qoşulması söhbətin kağız üzərində qalmadığını göstərir.

Davosda Prezident İlham Əliyevin “BlackRock”-un rəhbəri Larri Fink ilə görüşünün nəticələri ilə bağlı qısa analiz:
1. ARDNF-in investisiya fəlsəfəsində yenilik – Dövlət Neft Fondu uzun illər portfelini əsasən aşağı riskli alətlər üzərində qurub: dövlət istiqrazları, iri korporativ bondlar, müəyyən həcmdə daşınmaz əmlak. BlackRock və xüsusən Global Infrastructure Partners ilə əməkdaşlıq isə daha uzunmüddətli, real və gəlir yaradan aktivlərə yönəlməni göstərir. İnfrastruktur investisiyaları sürətli qazanc üçün deyil, stabil və davamlı pul axını üçün seçilir.
2. BlackRock faktoru – BlackRock sadəcə investor deyil, qlobal kapital üçün bir növ referans mexanizmidir. Onların Azərbaycanla əməkdaşlığı genişləndirməsi bazara belə siqnal verir: ölkənin makroiqtisadi sabitliyi, fiskal intizamı və institusional mühiti “investisiya edilə bilən” səviyyədə qiymətləndirilir. Bu, digər iri fondlar üçün də psixoloji baryeri aşağı salır.
3. Global Infrastructure Partners-in daxil olması təsadüfi deyil – GIP limanlar, hava limanları, enerji ötürmə xətləri, yaşıl enerji və logistika kimi sahələrdə ixtisaslaşıb. Bu isə göstərir ki, söhbət abstrakt maliyyə alətlərindən yox, Azərbaycanda konkret infrastruktur layihələrindən gedir. Xüsusən enerji keçidi, nəqliyyat dəhlizləri və regional logistika kontekstində bu çox kritikdir.
4. Xarici kapital balansı – ARDNF üçün bu əməkdaşlıq yalnız gəlir məqsədi daşımır. Fond həm də ölkə daxilində dəyər yaradan layihələrə qlobal kapital cəlb etmək rolunu oynaya bilər. Yəni dövlət fondu tək investor yox, “anchor investor” funksiyasını yerinə yetirərək digər beynəlxalq oyunçuları da layihələrə çəkə bilər.
Görüşün Davosda baş tutması və niyyət protokolunun imzalanması təsadüf deyil. Qlobal kapital hazırda qeyri-müəyyənlikdən qaçaraq geosiyasi baxımdan stabil, resurs və tranzit üstünlüyü olan ölkələrə baxır. Azərbaycan bu pəncərədən istifadə etməyə çalışır. Beləliklə Davos görüşü ARDNF-in “pul saxlayan fond”-dan strateji investisiya oyunçusuna çevrilmək niyyətinin açıq göstəricisidir və BlackRock-un iştirakı bu niyyətə beynəlxalq legitimlik qazandırır.
Müəllif: Elnur Quliyev
