ABŞ–İran–İsrail münaqişəsinin kriptovalyuta bazarına təsiri

Son illərdə kriptovalyuta bazarı yalnız texnoloji və maliyyə faktorlarının deyil, eyni zamanda qlobal geosiyasi proseslərin də təsiri altında formalaşır. Xüsusilə böyük dövlətlər arasında yaranan siyasi və hərbi gərginliklər investor davranışına, kapital axınlarına və enerji bazarlarına birbaşa təsir göstərərək rəqəmsal aktivlərin qiymət dinamikasına yeni risk və imkanlar yaradır. Hazırda ABŞ-İran-İsrail hərbi münaqişəsi qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyi artıran əsas faktordur və kriptovalyuta bazarında da müəyyən davranış dəyişiklikləri təsir edir. Bu təsiri bir neçə əsas mexanizm vasitəsilə qiymətləndirmək mümkündür.

Geosiyasi risk və “təhlükəsiz aktiv” axtarışı

Tarixən geosiyasi gərginliklər investor davranışında riskdən qaçma (risk-off) tendensiyasını gücləndirir. Belə dövrlərdə kapitalın bir hissəsi ənənəvi təhlükəsiz aktivlərə – qızıl, ABŞ dövlət istiqrazları və bəzi hallarda kriptovalyutalara yönəlir. Xüsusilə Bitcoin bazarda “rəqəmsal qızıl” narrativi ilə qəbul edildiyi üçün gərginlik artdıqca investorların bir qismi onu alternativ qoruyucu aktiv kimi nəzərdən keçirir. Bu isə qısa müddətli dövrlərdə Bitcoin və digər böyük kriptovalyutalarda tələb artımına səbəb ola bilər.

Enerji bazarı və mayninq xərcləri

ABŞ–İran–İsrail gərginliyi ilk növbədə enerji bazarlarına təsir edir. Neft və qaz qiymətlərinin artması isə birbaşa olaraq kriptovalyuta mayninqinin əsas xərci olan elektrik enerjisinin qiymətinə təsir göstərir. Enerji qiymətlərinin yüksəlməsi mayninq fəaliyyətinin maya dəyərini artırır və bu, xüsusilə Proof-of-Work mexanizminə əsaslanan Bitcoin şəbəkəsində təklif tərəfinə müəyyən təzyiq yarada bilər. Uzunmüddətli perspektivdə bu amil bazarda qiymət sabitliyinə və mayninq strukturunun coğrafi dəyişməsinə səbəb ola bilər.

Kapital axınları və regional sanksiya riskləri

Geosiyasi qarşıdurmalar zamanı maliyyə sanksiyalarının tətbiqi ehtimalı yüksəlir. Sanksiya və kapital məhdudiyyətləri ilə üzləşən regionlarda kriptovalyutalar alternativ ödəniş və kapital ötürmə aləti kimi istifadə edilə bilər. Bu isə qlobal kripto tranzaksiyalarının həcmini artıran amillərdən biri hesab olunur. Eyni zamanda belə dövrlərdə stabilkoinlərə (USDT, USDC və s.) tələbatın artdığı da müşahidə edilir.

Bazar psixologiyası və volatillik

Geosiyasi risklər kriptovalyuta bazarında volatilliyi artıran əsas faktorlar sırasındadır. Investorlar qeyri-müəyyənlik fonunda daha qısa müddətli strategiyalara üstünlük verir, bu isə qiymətlərin kəskin dalğalanmasına səbəb olur. Xüsusilə institusional investorların mövqelərində dəyişikliklər bazarda sürətli likvidlik hərəkətlərinə gətirib çıxara bilər.

Analitik baxımdan ABŞ–İran–İsrail gərginliyi kriptovalyuta bazarına iki istiqamətdə təsir edir:

  1. Tələb tərəfi – geosiyasi risklər səbəbilə alternativ aktiv kimi kriptovalyutalara maraq arta bilər.
  2. Təklif tərəfi – enerji qiymətlərinin yüksəlməsi mayninq xərclərini artıraraq bazar strukturuna təsir edə bilər.

Qısamüddətli mərhələdə (1–4 həftə) əsas kripto aktivlər olan bitcoin və ethereum üzrə volatilliyin artması və bazarda riskdən qaçış davranışı səbəbilə 5–15% intervalında texniki korreksiya ehtimalı mövcuddur. Lakin eskalasiya qlobal maliyyə sisteminə sistemli şok yaratmadığı halda, orta müddətdə (1–3 ay) sabitləşmə və mərhələli bərpa ssenarisi daha real görünür. Struktur baxımdan trend hələlik pozulmuş hesab edilmir.

ABŞ–İran–İsrail hərbi münaqişəsi nəticəsində neft qiymətlərinin artması kriptovalyuta bazarına əsasən 2 iqtisadi kanal vasitəsilə təsir göstərə bilər:

1. Mayninq xərclərinin artması – Neft qiymətlərinin yüksəlməsi enerji bazarına birbaşa təsir edir və elektrik enerjisinin qiymətini artırır. Kriptovalyuta mayninqi isə yüksək enerji istehlakına əsaslandığı üçün, xüsusilə Bitcoin kimi Proof-of-Work şəbəkələrində istehsal xərcləri yüksəlir. Bu halda bəzi kiçik mayninq şirkətləri bazardan çıxa bilər və bu da təklif strukturunda dəyişiklik yarada bilər.

2. İnflyasiya gözləntiləri və alternativ aktivlərə maraq – Enerji qiymətlərinin artması qlobal inflyasiya riskini yüksəldir. İnflyasiya gözləntiləri artdıqda investorlar kapitalın dəyərini qorumaq üçün alternativ aktivlərə – qızıl və müəyyən hallarda Bitcoin kimi rəqəmsal aktivlərə yönələ bilirlər. Bu isə kriptovalyutalara əlavə kapital axını yarada bilər.

Neft qiymətlərinin artması kriptovalyuta bazarına həm təklif tərəfdən (mayninq xərcləri), həm də tələb tərəfdən (inflyasiya və alternativ aktiv axtarışı) təsir edir və bu faktorlar birlikdə bazarda qiymət dalğalanmalarını gücləndirir.

Nəticə:

Qlobal siyasi gərginliklər kriptovalyuta bazarını həm fürsət, həm də risk mərhələsinə gətirir. Bir tərəfdən investorlar qeyri-müəyyənlik dövründə kriptovalyutalara daha çox diqqət yetirir, digər tərəfdən isə enerji qiymətləri və bazar psixologiyası səbəbilə qiymət dalğalanmaları daha kəskin olur. Bu səbəbdən yaxın dövrdə kriptovalyuta bazarında yüksək volatillik və sürətli kapital axınlarının davam etməsi ehtimalı yüksək qiymətləndirilir.

Müəllif: Elnur Quliyev

Leave a Reply