V.Putin kriptovalyutaları tənzimləyən qanun imzaladı – Azərbaycan üçün mesaj nədir?

Rusiya Prezidenti V.Putin Rusiyada rəqəmsal valyutaların və rəqəmsal hüquqların ilk hərtərəfli tənzimlənməsi haqqında qanun imzaladı. Yeni qanun kripto birjaları, rəqəmsal depozitarilər, brokerlər və ticarət təşkilatçıları üçün iş qaydalarını müəyyən edir. Həmçinin, özəl investorların kriptovalyutalar alması şərtlərini də müəyyən edir. Bu qaydaların əksəriyyəti 1 sentyabr 2026-cı il tarixində qüvvəyə minəcək. Müəyyən müddəalar isə daha sonra tətbiq olunacaq.

Kriptovalyuta bazarı üçün ayrıca infrastruktur yaradılır

Yeni qanun yalnız investorların kriptovalyuta almasına icazə verməklə kifayətlənmir. Qanun bazarın əsas iştirakçılarını və onların hüquqi statusunu müəyyənləşdirir. Sistemə kripto-mübadilə operatorları, rəqəmsal depozitarilər, brokerlər, idarəetmə şirkətləri, ticarət təşkilatçıları, klirinq strukturları daxil edilir. Beləliklə, Rusiya kriptovalyuta bazarını ənənəvi maliyyə bazarlarına bənzər çoxsəviyyəli infrastrukturla təmin etməyə çalışır. Mərkəzi Bank da artıq rəqəmsal valyutalarla təşkil olunmuş ticarətin aparılması və rəqəmsal depozitarilərin fəaliyyətinə dair ilkin normativ layihələr hazırlayıb.

Kriptomübadilə şirkətlərinə 15 milyon rubl (təqribən 185.600 dollar) kapital tələbi

Yeni sistemdə kriptovalyuta mübadiləsi ilə sistemli şəkildə məşğul olan şirkətlər xüsusi reyestrə daxil edilməlidir. Mübadilə operatorları üçün minimum 15 milyon rubl məbləğində öz vəsaiti tələbi müəyyən edilir. Bundan başqa, belə şirkətlərdən antifrod sistemi. daxili nəzarət və komplayens mexanizmləri, müştəri aktivlərinin ayrıca uçotu və müəyyən edilmiş peşəkar kadr tələblərinə uyğunluq tələb olunur. Sistemli kriptovalyuta mübadiləsi isə ay ərzində ən azı iki əməliyyatın həyata keçirilməsi və onların ümumi məbləğinin 3,5 milyon rubldan artıq olması kimi meyarlarla müəyyənləşdirilir. Bu yanaşma Rusiyada “boz” kriptomübadilə bazarının əhəmiyyətli hissəsinin hüquqi müstəviyə keçirilməsinə hesablanıb.

Adi investor üçün 300 min rubl (təqribən 3.700 dollar) limiti

Qanunun ən çox diqqət çəkən müddəalarından biri fiziki şəxslərin kriptovalyuta investisiyalarına tətbiq ediləcək limitdir. Qeyri-kvalifikasiya olunmuş investorlar likvid kriptovalyutaları yalnız müəyyən edilmiş vasitəçilər üzərindən və testdən keçdikdən sonra ala biləcəklər. Onlar üçün limit: ildə 300 min rubl – hər bir vasitəçi üzrə. Bu o deməkdir ki, limit investorun bütün kriptovalyuta bazarı üzrə vahid illik limiti kimi deyil, konkret vasitəçi ilə münasibətlər kontekstində tətbiq olunur. Kvalifikasiya olunmuş investorlar isə testdən keçdikdən sonra kriptovalyutaları məbləğ məhdudiyyəti olmadan əldə edə biləcəklər. Onlar üçün limit olmayacaq.

Rusiya kriptovalyuta ilə ödənişləri yenə də qadağan edir

Kriptovalyutaların investisiya aktivi kimi hüquqi dövriyyəyə buraxılması onların Rusiyada adi ödəniş vasitəsinə çevrilməsi demək deyil. Yeni qanunda kriptovalyuta ilə ölkə daxilində mal və xidmətlərə görə ödəniş qadağası saxlanılır. Lakin müəyyən istisnalar nəzərdə tutulur. Bunlara xarici ticarət əməliyyatları, mayninq nəticəsində əldə edilmiş kriptovalyutadan istifadə və bəzi rəqəmsal aktivlərlə bağlı hesablaşmalar daxildir. Bu, Rusiyanın kriptovalyutaya münasibətində əsas fəlsəfəni göstərir: Kriptovalyuta – investisiya və müəyyən iqtisadi əməliyyatlar üçün aktivdir, lakin daxili milli ödəniş vasitəsi deyil.

Stablecoinlər üçün yeni hüquqi yanaşma

Qanunun digər maraqlı tərəfi stablecoinlərə münasibətdir. Əvvəlki yanaşmalardan fərqli olaraq, stablecoinlər üçün ayrıca və daha çevik hüquqi kateqoriya formalaşdırılır. Onlar “xarici rəqəmsal alətlər” anlayışı çərçivəsində qiymətləndirilə bilər. Bu yanaşma USDT və USDC kimi dollarla əlaqəli stablecoinlərin Rusiya bazarında hüquqi statusunun formalaşdırılması baxımından xüsusilə əhəmiyyətlidir. Burada söhbət təkcə kriptovalyuta investisiyasından getmir. Stablecoinlər beynəlxalq ödənişlər, likvidliyin ötürülməsi və xarici ticarət hesablaşmaları üçün istifadə oluna bildiyindən, onların hüquqi statusu Rusiyanın sanksiyalar şəraitində alternativ maliyyə kanalları yaratmaq strategiyası baxımından da əhəmiyyət daşıyır.

Xarici ticarət üçün kriptovalyuta daha geniş imkan əldə edir

Yeni tənzimləmənin ən mühüm iqtisadi nəticələrindən biri kriptovalyutanın xarici iqtisadi fəaliyyətdə istifadəsinin hüquqi çərçivəsinin genişlənməsidir. Rusiyada kriptovalyutadan beynəlxalq hesablaşmalarda istifadə imkanları artıq mövcud eksperimental rejimlər çərçivəsində sınaqdan keçirilirdi. Yeni qanun isə bu istiqaməti daha geniş hüquqi sistemə inteqrasiya edir. Bu baxımdan Moskvanın yanaşması yalnız “kriptoinvestisiya bazarı yaratmaq” deyil. Kriptovalyutalar eyni zamanda: investisiya aktivi + beynəlxalq hesablaşma aləti + maliyyə infrastrukturu elementi kimi nəzərdən keçirilir. Bu məqam xüsusilə sanksiyalar səbəbindən ənənəvi beynəlxalq ödəniş kanallarına çıxışın məhdud olduğu Rusiya iqtisadiyyatı üçün əhəmiyyətlidir.

Xüsusilə 1 iyul 2027-ci ildən xarici kriptovalyuta platformalarına köçürmələr və qeyri-rezidentlərlə bağlı yeni qaydaların tətbiqi nəzərdə tutulur. Bu mərhələdə Rusiya banklarının xarici kriptovalyuta birjalarına vəsait köçürmələri ilə bağlı daha sərt nəzarət mexanizmləri tətbiq ediləcək. Beləliklə, Moskva bir tərəfdən daxili kriptobazarı leqallaşdırır, digər tərəfdən isə onun xarici platformalar vasitəsilə nəzarətsiz şəkildə fəaliyyət göstərməsinin qarşısını almağa çalışır.

Rusiya kriptovalyutanı qadağan etməkdən niyə imtina etdi?

Burada əsas məsələ hüquqi yanaşmadan daha çox iqtisadi strategiyadır. Bir neçə il əvvəl Rusiya daxilində kriptovalyutaların tam qadağan edilməsi ideyası ciddi şəkildə müzakirə olunurdu. Lakin son illərdə yanaşma dəyişdi. Xüsusilə beynəlxalq ödənişlər, sanksiyalar və rəqəmsal maliyyə infrastrukturu məsələləri kriptovalyutalara münasibətin yumşalmasına səbəb oldu. İndi Rusiya faktiki olaraq belə bir model qurur:

1. daxildə – ciddi nəzarət;
2. investisiya bazarında – məhdud, lakin qanuni giriş;
3. xarici ticarətdə – daha geniş imkan;
4. adi daxili ödənişlərdə – qadağa.

Bu, klassik “kriptonu leqallaşdırmaq” modelindən daha mürəkkəbdir.

Rusiya hansı modeli qurur?

Yeni qanunun mahiyyətini bir cümlə ilə ifadə etsəm: Rusiya kriptovalyutanı pul kimi deyil, tənzimlənən maliyyə aktivi və müəyyən hallarda beynəlxalq hesablaşma aləti kimi hüquqi sistemə inteqrasiya edir. Bu modelin əsas üstünlüyü bazarın şəffaflaşması və nəzarətin artırılmasıdır. Qanun həmçinin mübadilə operatorları, brokerlər və depozitarilər üçün konkret tələblər müəyyən etməklə bazarın institusionallaşmasına şərait yaratmağı hədəfləyir. Digər tərəfdən, 300 min rublluq limit, məcburi testləşdirmə və xarici platformalara dair gələcək məhdudiyyətlər göstərir ki, Rusiya kütləvi və sərbəst kriptobazar modelini deyil, nəzarətli kriptobazar modelini seçib.

Azərbaycan üçün hansı nəticələr çıxarmaq olar?

     Rusiya nümunəsi Azərbaycan üçün də maraqlı müqayisə predmeti yaradır. Burada məsələ yalnız kriptovalyutanın “qanuni olub-olmaması” deyil, kriptobazarın necə tənzimlənməli olmasıdır.Rusiya modeli bu istiqamətdə bir sıra praktik mexanizmlər ortaya qoyur: investorların peşəkarlıq səviyyəsinə görə fərqləndirilməsi, kripto vasitəçiləri üçün reyestr və kapital tələbləri, komplayens və müştəri aktivlərinin ayrıca uçotu, stablecoinlər üçün xüsusi hüquqi yanaşma, kriptovalyutanın investisiya aktivi ilə ödəniş vasitəsi kimi istifadəsinin ayrılması və xarici ticarətdə rəqəmsal aktivlər üçün ayrıca rejimin yaradılması.

     Azərbaycan üçün də əsas çağırış bu elementlər arasında innovasiya, investorların qorunması və maliyyə sabitliyi arasında balans yaradan vahid tənzimləmə modelinin formalaşdırılmasıdır. Rusiya nümunəsi göstərir ki, müasir kriptotənzimləmə sadəcə “qadağa və ya icazə” seçimi deyil – nəzarətli, şəffaf və institusional kriptobazarın qurulması məsələsidir.

Müəllif: Elnur Quliyev

Leave a Reply