1 avqust 2026-cı il tarixindən etibarən Azərbaycanda bank kartları ilə həyata keçirilən kartdan-karta (“card-to-card”) əməliyyatlara yeni məhdudiyyətlər tətbiq olunub. Yeni qaydalar əməliyyatların sayına və aylıq dövriyyəyə limit müəyyən edir. Bu dəyişikliklər Mərkəzi Bank ilə kommersiya bankları arasında əldə edilmiş razılaşma çərçivəsində həyata keçirilir. Əsas məqsəd rəqəmsal ödənişlərdə şəffaflığın və təhlükəsizliyin artırılması, maliyyə fırıldaqlarının, vergidən yayınmanın və qanunsuz mərc əməliyyatlarının qarşısının alınmasıdır.
Yeni qaydalara əsasən limitlər:
- Gündə maksimum 5 mədaxil əməliyyatı qəbul edilə bilər;
- Kartdan-karta köçürmələrin aylıq məbləği 20.000 manat ilə məhdudlaşdırılır;
- Kart sahibinin öz kartları arasında etdiyi köçürmələr bu limitlərə daxil edilmir.
Niyə məhz 5 əməliyyat?
5 əməliyyat rəqəmi təsadüfi müəyyən edilməyib. Limitlər tətbiq edilməzdən əvvəl orta statistik göstəricilər, müştərilərin normal davranışları və ödənişlərin sayı və məbləği üzrə məlumatlar təhlil edilib. Bu analizlər əsasında risklərin idarə olunması üçün uyğun limitlər müəyyənləşdirilib.
Bəs niyə belə bir limit tətbiq olunur?
Kartdan-karta köçürmələrin geniş yayılması son illərdə Azərbaycanda rəqəmsal ödənişlərin mühüm hissəsinə çevrilib. Lakin bu mexanizmdən biznes ödənişlərinin POS-terminaldan kənar qəbul edilməsi, gəlirlərin gizlədilməsi və digər məqsədlərlə istifadə olunması ilə bağlı narahatlıqlar mövcuddur. Xüsusilə bəzi sahibkarların müştərilərdən POS-terminal əvəzinə birbaşa bank kartına pul köçürməsini tələb etməsi vergi nəzarəti baxımından problem yaradır. Limitlərin tətbiqi bank kartlarının şəxsi və biznes məqsədilə istifadəsi arasındakı sərhədlərin daha da önə çıxmasına səbəb olacaq.
Adi vətəndaş üçün nə dəyişir?
Gündəlik şəxsi köçürmələr baxımından yeni limitlərin əksər istifadəçilərə ciddi təsir göstərməsi gözlənilmir. Məsələn, ailə üzvünə pul göndərmək, dostlar arasında hesablaşmaq və digər şəxsi köçürmələr davam edəcək. Lakin kartını müntəzəm olaraq çoxsaylı şəxslərdən ödəniş qəbul etmək üçün istifadə edən şəxslər üçün yeni qaydalar daha əhəmiyyətlidir. Xüsusilə kiçik biznes fəaliyyəti göstərən, məhsul və xidmətlərin satışından əldə olunan vəsaiti şəxsi karta qəbul edən şəxslər üçün bu dəyişiklik diqqətəlayiqdir.
Limiti aşan şəxs əlavə köçürmə etmək istəsə, bunun üçün nə etməlidir?
Limit aşılarsa, müştəri xidmət aldığı banka müraciət edə bilər. Bank əməliyyatı risk baxımından qiymətləndirəcək. Əməliyyatın məqsədi əsaslandırıldıqda, müştərinin əvvəlki məlumatları ilə uyğun gəldikdə və qanunsuz məqsəd daşımadığına əminlik olduqda, limitin artırılması mümkün ola bilər.
Ən çox kimlərə təsir edə bilər?
Yeni limitlər adi vətəndaşların gündəlik şəxsi köçürmələrindən daha çox çoxsaylı şəxslərdən mütəmadi ödəniş qəbul edən istifadəçilər üçün əhəmiyyətli ola bilər. Xüsusilə:
- kiçik biznes fəaliyyəti göstərən şəxslər;
- onlayn satışla məşğul olanlar;
- xidmət göstərib ödənişi şəxsi karta qəbul edənlər;
- çoxsaylı şəxslərdən müntəzəm kart ödənişləri alanlar.
5 bankda kartı olan şəxsin limiti necə hesablanacaq?
Ən çox maraq doğuran məqamlardan biri limitin bir karta, yoxsa şəxsin bütün kartlarına şamil olunmasıdır. Yayılan məlumata görə, məhdudiyyətlər ümumilikdə kartların sayına da tətbiq edilir. Lakin bir şəxsin müxtəlif banklardakı kartları üzrə 20.000 azn aylıq limitin necə hesablanacağı hələ rəsmi olaraq dəqiqləşdirilməyib. Bu səbəbdən 5 müxtəlif bankda kartı olan şəxsin hər kart üçün ayrıca 20.000 manat limitə malik olduğunu söyləmək düzgün deyil. Yekun mexanizmin Mərkəzi Bank və banklar tərəfindən açıqlanması gözlənilir.
Elektron cüzdanlara da limit olacaq
Dəyişikliklər yalnız bank kartları ilə məhdudlaşmır. Yeni yanaşmaya əsasən, elektron cüzdanların istifadəsinə də məhdudiyyətlər nəzərdə tutulur. Manatla 2 elektron cüzdan, hər bir xarici valyuta üzrə isə 1 elektron cüzdan istifadə oluna bilər.

Dünyanın bir çox ölkəsində rəqəmsal ödənişlər sahəsində risk əsaslı monitorinq və müxtəlif nəzarət mexanizmləri tətbiq olunur. Azərbaycanda kartdan-karta köçürmələr üzrə yeni limitlərin müəyyən edilməsi də rəqəmsal ödəniş ekosistemində şəffaflığın artırılması, maliyyə monitorinqinin gücləndirilməsi və şəxsi bank kartlarından qeyri-rəsmi biznes fəaliyyəti üçün istifadə hallarının azaldılması istiqamətində atılmış addım kimi qiymətləndirilə bilər.
Yeni limitlər ilk baxışda məhdudiyyət kimi görünsə də, praktik baxımdan onların əsas təsiri şəxsi bank kartlarından qeyri-rəsmi biznes fəaliyyəti üçün istifadə imkanlarının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması olacaq. Uzunmüddətli perspektivdə isə bu dəyişiklik biznes və şəxsi maliyyə əməliyyatlarının daha aydın ayrılmasına səbəb olmaqla, şəxsi kartlardan biznes məqsədilə istifadə edən sahibkarları biznes hesabı açmağa, POS-terminal, QR ödənişləri və digər rəsmi ödəniş həllərinə keçməyə vadar edəcək.
Müəllif: Elnur Quliyev
