Bitcoin (BTC) bu gün 85.000 dollar həddini keçərək son səkkiz ayın ən yüksək səviyyəsinə yüksəlib. İlk kriptovalyutanın 24 saat ərzində 5%-dən çox bahalaşması ilə yanaşı, rəqəmsal aktivlərin ümimi bazar kapitalizasiyası da 2.9 trilyon dolları keçib. Bəs bitcoin-in bu rallisini nə sürətləndirir və qarşıdakı günlərdə bazarı hansı ssenarilər gözləyə bilər?
Hazırkı yüksəliş yalnız BTC-yə xas faktorlarla izah olunmur. ETF-lərə kapital axını, short mövqelərin kütləvi likvidasiyası, neft qiymətlərinin ucuzlaşması, qlobal risk iştahının artması, ABŞ–Çin münasibətlərində diplomatik gözləntilər və kriptovalyuta tənzimləməsi ilə bağlı proseslər bazardakı müsbət əhval-ruhiyyəni gücləndirir.
Bitcoin niyə 85.000 dolları keçdi?
1. ETF-lərə kapital axını yenidən güclənib
ABŞ-da spot Bitcoin ETF-lərinə həftənin son iki ticarət günündə 593 milyon dollar kapital daxil olub. Bu, əvvəlki günlərdəki çıxışları kompensasiya edərək bazarda institusional tələbin yenidən gücləndiyini göstərib. Bu faktor xüsusilə əhəmiyyətlidir. Çünki ETF-lər vasitəsilə bazara daxil olan kapitalın artması Bitcoinin yüksəlişini yalnız spekulyativ treyderlərin aktivliyi ilə deyil, daha geniş investor tələbi ilə də əlaqələndirməyə imkan verir.
2. Short mövqelərin kütləvi bağlanması rallini sürətləndirib
Bitcoin 85 000 dollara doğru yüksələrkən kriptovalyuta törəmə bazarında 750 milyon dollardan çox mövqe likvidasiya edilib. Bunun 648,3 milyon dollarını short mövqelər təşkil edib. Bu, klassik “short squeeze” effekti yaradıb: Bitcoin yüksəldikcə qiymətin düşəcəyinə oynayan treyderlərin mövqeləri məcburi bağlanır, nəticədə əlavə alış yaranır və qiymət daha da yüksəlir.
3. Neft ucuzlaşır, risk iştahı artır
Neft qiymətlərinin ardıcıl ucuzlaşması qlobal bazarlarda investorların əhval-ruhiyyəsinə də təsir göstərir. ABŞ bazarlarında neftin 2%-dən çox geriləməsi və 10 illik ABŞ istiqrazlarının gəlirliliyinin 5%-dən aşağı düşməsi səhmlər və digər riskli aktivlərə marağı artırıb. Bitcoin də risk iştahının əsas göstəricilərindən biri kimi bu prosesdən faydalanıb.
4. Trump–Si Cinpin görüşü gözləntiləri
Bu həftə ABŞ Prezidenti Donald Trump və Çin Prezidenti Si Cinpin arasında gözlənilən görüş də bazarların diqqətindədir. İnvestorlar ABŞ–Çin münasibətlərində konstruktiv mesajların qlobal ticarət və iqtisadi artım üçün müsbət təsir göstərə biləcəyini qiymətləndirirlər. Bu gözlənti riskli aktivlərə, o cümlədən Bitcoinə əlavə dəstək verən amillərdən biridir.
5. ABŞ-da kripto tənzimləməsi yenidən gündəmdədir
ABŞ-da kriptovalyuta bazarının hüquqi çərçivəsinin formalaşdırılması istiqamətində proses davam edir. Son günlərdə tənzimləmə ilə bağlı həm qanunvericilik, həm də SEC-in rəqəmsal aktivlərə yanaşması bazarın diqqət mərkəzindədir. Xüsusilə ABŞ-da tokenləşdirilmiş qiymətli kağızların ticarətinə dair atılan addımlar kripto ekosistemi üçün institusional marağı dəstəkləyən faktor kimi qiymətləndirilir.

Bəs bundan sonra Bitcoin hara gedə bilər?
Burada 2 əsas ssenarini nəzərdən keçirmək mümkündür.
Ssenari 1: Əgər Bitcoin 85.000 dollar səviyyəsində gündəlik bağlanışları qoruyarsa, növbəti mərhələdə 88.000-90.000 dollar zonası əsas psixoloji müqavimət kimi gündəmə gələ bilər. Bu səviyyənin də yüksək həcmdə keçilməsi halında 95.000–100.000 dollar diapazonu yaxın perspektivdə bazarın izləyə biləcəyi daha yüksək zonaya çevrilə bilər. Bu ssenarini gücləndirə biləcək əsas amillər:
- ETF-lərə davamlı kapital axını;
- short mövqelərin azalması;
- neft qiymətlərində sabitləşmə və ya əlavə ucuzlaşma;
- ABŞ–Çin münasibətlərində müsbət mesajlar;
- kripto tənzimləməsində irəliləyiş.
Bitcoin hazırda əvvəlki tarixi maksimumu olan təxminən 126.000 dollar səviyyəsindən hələ də təqribən üçdə bir aşağıdadır. Buna görə 100.000 dollar səviyyəsi texniki baxımdan yenidən əsas psixoloji hədəflərdən birinə çevrilə bilər.
Ssenari 2: Əgər Bitcoin 85 000 dollar üzərində möhkəmlənə bilməsə və satış təzyiqi güclənsə, 82.000-80.000 dollar zonası ilk dəstək sahəsi kimi izlənilə bilər. Daha ciddi risk ssenarisində isə 78.500-76.000 dollar diapazonu gündəmə gələ bilər. Daha sərt risk-off vəziyyətində, xüsusilə ETF-lərdən kapital çıxışı sürətlənərsə və makroiqtisadi təzyiqlər artarsa, 72.000 dollar zonası yenidən müzakirə mövzusuna çevrilə bilər.
Yəni yaxın perspektiv üçün təxmini xəritə belə görünür:
- 85K → 90K → 95K → 100K — yüksəliş ssenarisi
- 85K → 82K → 80K → 78.5K → 76K → 72K — risk ssenarisi
Qeyd etdiyim qiymət proqnozu deyil, mövcud bazar strukturuna əsaslanan şərti səviyyələrdir.
Müəllif: Elnur Quliyev

