Rəqəmsal transformasiyanın sürətləndiyi müasir dövrdə blokçeyn texnologiyası, virtual aktivlər və FinTech maliyyə sektorunun əsas inkişaf istiqamətlərindən birinə çevrilir. Bu sahələrdə bilik və praktiki bacarıqların artırılması məqsədilə virtual aktivlərin ticarəti üzrə dünyanın aparıcı platformalarından biri olan Binance-in təhsil platforması Binance Academy-nin dəstəyi ilə Azərbaycanın beş universitetində xüsusi workshop proqramı həyata keçirilir.
“Binance Academy University Roadshow 2026” adlanan təşəbbüs çərçivəsində tələbələr və akademik heyət müasir maliyyə texnologiyaları, rəqəmsal maliyyə alətləri, investisiya strategiyaları və treydinq imkanları ilə yaxından tanış olmaq, eyni zamanda praktiki təcrübə əldə etmək imkanı qazanacaqlar.
Workshop-un mövzusu: “Blokçeyn və virtual aktivlər: Rəqəmsal maliyyə alətləri, investisiya və treydinq”
Layihənin əsas məqsədi universitet mühitində rəqəmsal maliyyə savadlılığının artırılması, blokçeyn və virtual aktivlər sahəsində nəzəri biliklərin praktiki bacarıqlarla tamamlanması, eləcə də tələbələrin beynəlxalq FinTech ekosistemi və yeni karyera imkanları ilə tanış edilməsidir.
Təlim proqramı nəzəri biliklərin təqdimatı ilə başlayacaq, daha sonra praktiki məşğələlər və interaktiv viktorina ilə davam edəcək. Workshop çərçivəsində iştirakçılar:
1. Blokçeyn və virtual aktivlər – Blokçeyn texnologiyasının iş prinsipləri, virtual aktivlərin xüsusiyyətləri və rəqəmsal aktivlər ekosistemi haqqında nəzəri biliklər təqdim olunacaq.
2. FinTech və rəqəmsal iqtisadiyyat – FinTech sektorunun mahiyyəti, əsas inkişaf istiqamətləri, üstünlükləri, rəqəmsal iqtisadiyyatın yaratdığı yeni peşələr və müasir əmək bazarında tələb olunan bacarıqlar müzakirə ediləcək.
3. İnvestisiya və demo treydinq – İştirakçılar rəqəmsal aktivlər bazarında investisiya yanaşmaları, treydinq strategiyaları və əsas bazar alətləri ilə tanış olacaqlar. Binance platformasında simulyasiya edilmiş bazar mühitində praktiki treydinq sessiyası keçiriləcək.
4. Binance-də karyera və təcrübə imkanları – Binance Student Ambassador proqramı, tələbələr üçün təcrübə imkanları və beynəlxalq şirkətdə karyera qurmaq perspektivləri haqqında məlumat veriləcək.
5. Networking və interaktiv sual-cavab – Binance komandası ilə birbaşa ünsiyyət, sahə mütəxəssislərinə sualların ünvanlanması, təcrübə mübadiləsi və blokçeyn, rəqəmsal maliyyə və Web3 sahəsində peşəkar əlaqələrin qurulması üçün imkan yaradılacaq.
Kahoot bilik viktorinası – Workshop-un interaktiv hissəsində iştirakçılar Kahoot platforması vasitəsilə əldə etdikləri bilikləri yoxlamaq və yarış formatında sınamaq imkanı qazanacaqlar. Viktorinanın ilk 10 qalibi Binance tərəfindən USDT və xüsusi hədiyyələrlə mükafatlandırılacaqlar.
📍 Workshop təqvimi:
- 26 noyabr 2026 – Azərbaycan Texniki Universiteti (AzTU)
- 27 noyabr 2026 – Sumqayıt Dövlət Universiteti (SDU)
- 2 dekabr 2026 – Bakı Mühəndislik Universiteti (BMU)
- 7 dekabr 2026 – Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
- 8 dekabr 2026 – Odlar Yurdu Universiteti (ODY)
Spikerlər:
Elnur Quliyev – Sumqayıt Dövlət Universiteti və UNEC Biznes Məktəbinin müəllimi, Crypto Consulting MMC-nin və kriptoinvest.az-ın təsisçisi, Binance Academy-nin konsultantı.
Bilal Hüseynov – Binance meneceri.

Universitetlər və beynəlxalq FinTech ekosistemi arasında əməkdaşlıq
Belə təşəbbüslər ali təhsil müəssisələrində müasir maliyyə texnologiyalarının öyrənilməsinə, nəzəri biliklərin real bazar təcrübəsi ilə əlaqələndirilməsinə və tələbələrin gələcəyin rəqəmsal iqtisadiyyatına hazırlanmasına mühüm töhfə verə bilər. Beş universiteti əhatə edən bu layihə tələbələrin blokçeyn, virtual aktivlər və Web3 ekosistemi haqqında məlumatlılığının artırılması ilə yanaşı, onların beynəlxalq FinTech sektorunda təhsil, təcrübə və karyera imkanlarını daha yaxından tanımasına şərait yaradacaq.
