Kriptovalyuta nədir?

riseofcrypto

   Pul tarix boyu iqtisadi münasibətlərin ayrılmaz hissəsi olmuş, texnologiyanın inkişafı ilə isə onun forması və istifadə üsulları əhəmiyyətli dərəcədə dəyişmişdir. Nağd puldan elektron ödənişlərə keçid necə maliyyə sistemində yeni mərhələ yaratdısa, blokçeyn texnologiyasının inkişafı da kriptovalyutaların yaranmasına zəmin hazırladı. Bu gün kriptovalyutalar yalnız alternativ ödəniş vasitəsi deyil, həm də investisiya, beynəlxalq köçürmələr və rəqəmsal iqtisadiyyatın müxtəlif sahələrində istifadə olunan innovativ rəqəmsal aktivlərdir. Bəs kriptovalyuta nədir, necə işləyir, hansı üstünlükləri və riskləri var, elektron pullardan nə ilə fərqlənir və ondan necə istifadə etmək olar?

     Kriptovalyutakriptoqrafiya texnologiyasına əsaslanan rəqəmsal aktiv növüdür. İnternetin və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə kriptovalyutalar qlobal maliyyə ekosisteminin mühüm elementlərindən birinə çevrilmişdir. Onlar ödəniş vasitəsi, investisiya aləti və blokçeyn texnologiyasının tətbiq sahələrindən biri kimi istifadə olunur.

      Rəqəmsal ödənişlər üzrə ilk mühüm kriptoqrafik konsepsiyanı alim-informatik David Chaum 1982-ci ildə nəşr etdirdiyi “Blind Signatures for Untraceable Payments” məqaləsində irəli sürmüşdür. O, daha sonra DigiCash şirkətini yaradaraq eCash adlı anonim rəqəmsal ödəniş sistemini inkişaf etdirsə də, layihə kommersiya baxımından uğur qazana bilmədi. 1998-ci ildə Wei Dai tərəfindən təqdim olunan b-moneyNick Szabo tərəfindən irəli sürülən Bit Gold layihələri isə tam tətbiq olunmasa da, sonradan bitcoin-in yaranmasına ilham verən ən mühüm nəzəri konsepsiyalar hesab olunur.

   Kriptovalyutanın əldə edilməsi prosesi – mayninq (mining) adlanır və bu zaman kriptoqrafiyadan istifadə olunduğundan valyuta sözünün əvvəlində “kripto” prefiksindən istifadə olunur. Kripto sözü yunan dilində olan “kruptos” sözündən yaranıb və mənası “sirr” deməkdir. Hər bir kriptovalyuta vahidi ingilis dilində – koin (coin) adlanır. Hər kriptovalyutanın emissiya modeli fərqlidir. Bəzilərinin maksimum təklifi əvvəlcədən müəyyən edilir (məsələn Bitcoin), digərlərində isə emissiya şərtləri protokoldan asılı olaraq dəyişə bilər. Koinlərin hər birində şifrələnmiş informasiya mövcuddur və istənilən növ saxtakarlıqdan mühafizə olunur. Koinlərin şəbəkədə olmasını, onların üçotunu və hesabatlığının aparılmasını blockchain texnologiyası təmin edir. Bitcoin – 2009-cu ildə yaranan ilk və hazırda ən populyar kriptovalyutadır.

        Kriptovalyuta hər hansı dövlətin siyasətindən, qanunlarından, pul vahidindən aslı deyil və heç bir qurum tərəfindən tənzimlənmir. Onun qiyməti bazarda tələb-təklif əsasında müəyyən olunur və digər ölkələrin valyutası (əsasən ABŞ dolları) ilə mövcud bazar məzzənəsi ilə mübadilə edilə bilir. Kriptovalyutanı istifadə etməyi heç kim məcbur və ya qadağa edə bilməz çünki rəqəmsal valyutaların dövriyyəsi internetdə baş verir və onlardan istifadə edənləri heç kim nəzarət etmir. Bəli, bu həqiqətən belədir.

what_cryptocurrency.png

     Sual yarana bilər ki, bəs kriptovalyutanın adi istifadə etdiyimiz elektron pullardan fəqri nədədir? Adi pulların elektron hesabda olması üçün ilk növbədə həmin pulu fiziki olaraq bank vasitəsilə hesaba qoymaq lazımdır. Yəni, pulun hesabda elektron görünüşü – sadəcə olaraq onun fiziki formasının elektron formadakı əksi deməkdir. Kriptovalyutanın isə fiziki analoqu yoxdur.

Elnur Quliyev.

    Kriptovalyutalar blokçeyn texnologiyası əsasında fəaliyyət göstərən rəqəmsal aktivlərdir və əksər hallarda mərkəzi bank və ya digər vahid qurum tərəfindən idarə olunmur. İlk kriptovalyuta olan bitcoin mərkəzləşdirilməmiş idarəetmə modeli, şəffaf əməliyyat qeydləri və maksimum 21 milyon vahidlə məhdud emissiyası ilə fərqlənir. Digər kriptovalyutalar isə istifadə etdikləri texnologiya və emissiya modelindən asılı olaraq fərqli xüsusiyyətlərə malik ola bilərlər. Təsəvvür edin ki, dünyanın iki fərqli nöqtəsində yaşayan insanlar bank və ya digər maliyyə vasitəçilərindən istifadə etmədən birbaşa bir-birinə rəqəmsal aktiv göndərə bilir. Bu əməliyyatlar bir çox hallarda qısa müddətdə həyata keçirilir və komissiya xərcləri ənənəvi beynəlxalq köçürmələrlə müqayisədə daha sərfəlidir.

     Hazırda kriptovalyutalar artıq yalnız alternativ ödəniş vasitəsi deyil. Onlardan investisiya, beynəlxalq pul köçürmələri, mərkəzləşdirilməmiş maliyyə, tokenləşmə və digər rəqəmsal xidmətlərdə geniş istifadə olunur. Eyni zamanda, müxtəlif ölkələr kriptovalyutalara fərqli yanaşırlar: bəziləri onları hüquqi çərçivə daxilində tənzimləyir, bəziləri müəyyən məhdudiyyətlər tətbiq edir, digərləri isə öz rəqəmsal valyutalarının inkişafına üstünlük verirlər.

Müəllif:  Elnur Quliyev

Kriptovalyutalara investisiya etmək istəyənlər üçün 7 tövsiyyə

İnvestisiya üçün hansı kriptovalyutanı almaq lazımdır?

Azərbaycanda kriptovalyuta əməliyyatlarının vergiyə cəlb edilməsi mexanizmi

Bitcoin nədir?

Bitcoin haqqında maraqlı faktlar

Elnur Quliyev: Kriptovalyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edin

YouTube: Kriptovalyuta nədir? 

Leave a Reply