Son zamanlar kütləvi informasiya vasitələrində tez-tez eşitdiyimiz “çirkli pulların yuyulması” terminin mənasını bilsək də çox az adam bu teriminin yaranma tarixini və ya niyə məhz “pulun yuyulma”-sı adlandırıldığını bilir.
“Çirkli pulların yuyulması” – qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin leqallaşdırılması prosesidir. Qeyri-qanuni gəlirlər dedikdə gizli iqtisadiyyatdan, korrupsiyadan, qaçaqmalçılıqdan, narkotik maddələrin satışından, insan alveri və silahların qeyri-qanuni satışından, şantaj və maliyyə dələduzluğundan əldə edilmiş vasitələr nəzərdə tutulur. “Çirkli pulların yuyulması” (money laundering) termini yaranması 1920-1930-cu illlərdə ABŞ-ın Çikaqo şəhərində qanqster cinayətkar qruplaşmasını nəzarətdə saxlayan Al Kaponenin fəaliyyəti ilə bağlıdır. Al Kapone öz mafiya şəbəkəsindən əldə etdiyi milyonları leqal pula çevirməli idi. Bunu necə edə bilərdi? Axı həm xüsusi xidmət, həm də vergi orqanları onu fəaliyyətini daim nəzarətdə saxlayırdı.
Məsələ ondadır ki, o zaman Amerika cəmiyyətində evdə paltar yumaq dəbdə deyildi. Bu səbəbdən, Al Kapone Çikaqoda ucuz qiymətə camaşırxanalar şəbəkəsi açır. Camaşırxanalara bir gün ərzində nə qədər müştərinin gəlib-getdiyini izləmək mümkünsüz idi. Belə olan halda çamaşırxanalarda istənilən qədər müştəri sayı qeyd etməklə gəliri yüksək göstərərək vergi orqanlarına şişirdilmiş gəlirlər haqqında hesabatlar təqdim edilirdi. Həmçinin nəzərə almaq lazimdırki mafiya şəbəkəsinin əldə etdiyi gəlirlər əsasən kiçik əskinaslı pullar idi. Beləliklə mafiyanın kazino, şantaj, adam oğurluğu, alkoqol içkilərin satişından gələn qeyri-qanuni gəlirləri camaşırxanalarda “yuyulub” leqallaşırdırılırdı. Lakin 1931-ci ildə vergi orqanları bu maxenasiyanın üstünü aça bildilər və Al Kapone Federal məhkəmə tərəfindən 10 il müddətinə azadlıqdan məhrum edildi. Maraqlıdırki məhkəmədə mafiya başçısını etdiyi cinayətlərə görə deyil məhz 388.000 dollar məbləgində vergidən yayinmaya görə ittaham etmişdilər.
Meyer Lanski – Amerikada yəhudi mafiyasının məşhur simalarından biri olmaqla həmçinin 1950-1960 illərdə “mafiyanın mühasibi” və “mafiya şeflərinin şefi” kimi tanınırdı. Lanski Mayami və Las-Veqasda kazino biznesinə nəzarəti əlində saxlayırdı və ilk dəfə olaraq bank yoli ilə qeyri qanuni əldə edilmiş gəlirlərin “yuyulması” sxemini fikirləşmişdir.
Lanksi İsveçrə banklarında anonim hesablar açraraq həmin hesaba iri məbləğlə vəsait qoyurdu. Bundan sonra həmin banklardan kredit götürərək onları öz gəlirinin əsas mənbəyi kimi göstərir. Nəticədə borclar həmin anonim hesablardakı pullar hesabına ödənilirdi. Beləliklə, qeyri qanuni yolla əldə edilmiş – çirkli pullar banklar vasitəsilə “təmizlənərək” qanuni pullara çevrilirdi. Lakin bu sxem Amerika xüsusi xidmət orqanları tərəfindən tapıldıqdan sonra Lanski “qanundan kənar” elan edildi. 1972-ci ildə onu Paraqvaya gedərkən Rio-de Jeneyro hava limanında federal təhqiqatlar bürosunun əməkları həbs etdilər. Lanskinin Amerikada vergidən yayınma maddəsinə görə məhkəməsi oldu lakin təqsiri sübuta yetirilə bilmədi və azadlığa buraxıldı.
Mətbuatda “çirkli pulların yuyulması” termini ilk dəfə 1973-cü ildə Britaniyanın The Guardian nəşrində “Uoterqeyt qalmaqalı” haqqında yazıda istifadə olunur. Qeyd olunan qalmaqalın yaranma səbəbi ABŞ Prezidenti Riçard Niksonun qeyri-leqal topladığı vasitələri Mexikodakı hesabına köçürdüb, ordan da Mayamidəki firması vasitəsilə geri qaytarması idi “Çirkli pulların yuyulması”na qarşı mübarizə tədbirlərini koordinasiya edən və mütəmadi monitorinqlər aparan əsas beynəlxalq qurumlar:
- FATF (Financial Action Task Force) – maliyyə cinayətləri və çirkli pulların yuyulması ilə mübarizə üzrə hökümətlərarası İşçi Qrup;
- MONEYVAL – Avropa Şurasının pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi tədbirlərinin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi;
- Egmont Group – Maliyyə Monitorinqi Orqanlarının Eqmont Qrupu;
- USAİD – ABŞ Beynəlxalq İnkişaf Agentliyi;
- BCBS – Banklara Nəzarət üzrə Bazel Komitəsi.
Bu qurumlar arasında daha çox aktiv olan FATF, 1989-cu ildə yaradılıb və çirkli pulların yuyulması ilə mübarizə üzrə standartlarını (AML) mütəmadi olaraq üzv ölkələrə təqdim edir. Əslində bu standartlar məcburi deyil lakin faktiki olaraq maliyyə cinayətləri, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizədə FATF standartlarını öz qanunvericiliyində tətbiq etməyən ölkələr beynəlxalq maliyyə bazarlarında “qara siyahı”-ya düşmüş hesab olunur. Bu isə öz növbəsində həmin ölklələrdə fəaliyyət göstərən şirkətlər üçün xaricdən investisya cəlb edilməsində ciddi çətinliklər yaradır.
Məlumat üçün qeyd edim ki, Azərbaycanda «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» qanun layihəsi 2009-cu ilin fevral ayında qəbul edilib. Bu qanunun qəbulu Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərdən biri idi. Azərbycanda çirkli pulların yuyulmasına qarşı mübarizəni Maliyyə Monitorinqi Xidməti həyata keçirir. Məlumat üçün qeyd edim ki, Basel Dövlət İdarəetmə İnstitutunun “Basel AML İndex-2020” illik hesabatında Azərbaycan dünyada çirkli pulların yuyulması riskləri ilə mübarizə üzrə qlobal reytinqdə 141 ölkə arasında 66 yerdə qərarlaşıb. Hesabatda ilk 3 yeri – Əfqanıstan, Haiti və Myanmar tutub. Çin 18-ci, Türkiyə 41-ci, Rusiya 52-ci, Ukrayna 67-ci, Yaponiya 69-cu, Gürcüstan isə 103-cü yerdə qərarlaşıb. Reytinqdə ən son 3 sırada Estoniya (141), Andorra (140), Finlandiya (139) göstərilib.
Müəllif: Elnur Quliyev