Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis kriptovalyutaların mərkəzi bankların fəaliyyətinə təsirinə dair dövlət və korporativ sektor nümayəndələri ilə dəyirmi masa keçirəcək. Bu barədə Avropa Komissiyasının rəsmi saytında deyilir.
V. Dombrovskis: “Kriptovalyuta sektorunun inkişafı mərkəzi bankların fəaliyyəti də daxil olmaqla bir çox sahəyə təsir göstərə bilər. Bu səbəbdən uzunmüddətli dövrdə mövcud bazar tendensiyaları kontekstində olan nəticələri qiymətləndirmək üçün yüksək vəzifəli dövlət məmurları və korporativ sektor nümayəndələri ilə dəyirmi masa keçirmək niyyətindəyəm”
Bir müddət əvvəl Beynəlxlq Valyuta Fondu beynəlxalq ictimaiyyəti kriptovalyuta sektorunu kordinatlaşdırılmış tənzimləmə mexanizmləri hazırlamağı təklif etmişdi. Bənzər təşəbbüs ABŞ Xəzinədarlığı ilə yanaşı bəzi G20 ölkələrində də irəli sürülüb. Qeyd etmək lazımdır ki, bəzi mərkəzi banklar artıq öz rəqəmsal valyutasını yaratmaq niyyətinin olması barədə məlumatlar veriblər.
Xatırladaq ki, Avropa Mərkəzi Bankının sədri Mario Draqi iki ay əvvəl rəhbərlik etdiyi qurumun kriptovalyutaları tənzimləmək və ya qadağan etmək səlahiyyətinə malik olmadığını açıqlamışdı.