PISA (The Programme for International Student Assessment) – Dünyanın müxtəlif ölkələrində oxuyan orta məktəb şagirdlərinin (15 yaşa kimi) bilik və bacarıq səviyyələrini ölçən ən nüfuzlü proqramlardan biri olaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən layihədir. PISA ölkələr üzrə ümumi təhsilin keyfiyyətinin monitorinqini aparır. Bu proqram 2000-ci ildən etibarən 3 ildən bir keçirilir və proqrama qatılan ölkələrdən 100 minlərlə şagird cəlb olunur. Əsas məqsəd isə bir suala cavab tapmaqdır: 15 yaşındakı şagird müasir cəmiyyətdə tam fəaliyyət göstərməsi üçün zəruri olan təhsil, ümumi bilik və bacarıqlara malikdirmi?
Bu il PISA-nın növbəti hesabatı açıqlanacaq və ümid edirik ki, 6 illik fasilədən sonra yenidən bu proqrama qoşulan Azərbaycanda orta təhsilin hansı səviyyədə olduğunun şahid olacayıq. Azərbaycan indiyə kimi bu proqramda 2 dəfə iştirak edib – 2006 və 2009-cu illərdə. 2006-cı ildə 64 ölkə arasında 54-cü, 2009-cu ildə isə 65 ölkə arasında 64-cü yerə sahib olmuşuq.
2015-ci il PISA hesabatında ilk 25-yə daxil olan ölkələrin adına baxdığmız zaman açıq şəkildə görünür ki, təhsil səviyyəsi ilə iqtisadi inkişaf səviyyəsi bir-biri ilə düz mütənasibdir. 72 ölkədən olan 540.000 iştirakçı arasında keçirilən sorğunun nəticəsinə əsasən Sinqapur bütün koteqoriyalar üzrə birinci yeri tutub. MDB ölkələrindən ilk 25-ə yalnız Rusiya (23-cü yer) riyaziyyat kateqoriyasında düşə bilib. Həmin kateqoriya üzrə Qazaxsan 42, Moldava 51, Gürcüstan 59-cu yerdə qərarlaşıb. Müsəlman ölkələri arasında isə ən yüksək nəticələri BƏƏ (48-ci yer) və Türkiyə (50-ci yer) göstərib.