“Brand Finance Global 500” fevral aynda dərc etdiyi hesabata əsasən McDonald’s dünyanın “top 500” şirkəti arasında 24.9 milyar dollar dəyəri ilə 45-ci yerdə (2017-də 61-ci yer idi) qərarlaşıb. Gündəlik həyatımızda bu brendlə tez-tez rastlaşdığımıza görə McDonald’s haqqında bilmədiklərimiz faktlarla sizi tanış etmək istəyirəm.
McDonald’s-ın tarixi
Şirkət Dik və Mak Makdonald qardaşları tərəfindən 1940-cı ildə qurulub. İlk restoran San-Bernardinoda (Kaliforniya ştatı) açılıb və əsas hədəf kütləsi avtomobil sürücülər idi. 1948-ci ildə Makdonald qardaşları sürətli xidmət, ucuz qiymət və böyük həcmə əsaslanan tamamilə yeni bir konsepsiya fikirləçdilər. Onlar piştaxta qarşısında özünəxidmət üsuluna keçərək cəmi 9 adda məhdud menyuya üstünlük verdilər: bunlar qamburger, çizburger, üç cür soyuq içki, süd, kofe, qızarmış kartof dilimləri, kökə və restoran işə başladıqdan sonra əlavə olunan kartof-fri və südlü kokteyl idi. Qardaşlar həmçinin qidaların hazırlanması zamanı işçilərin hərəkətini öyrənərək avadanlıqları daha effektiv şəkildə yerləşdirməyə nail oldular.
1954-cü ildə südlü kokteyl hazırlayan mixer-maşınlar üzrə ticarət agenti olan 52 yaşlı Rey Krok Makdonald qardaşlarının restoranında paketdə qamburger və kartoflar alan alıcı növbəsinin sürətlə irəliləməsini görən Krokun ağlına ancaq bir fikir gəldi: “Belə sistem hər yerdə işləyəcək”. Makdonald qardaşları bütün ölkə üzrə yaratdıqları konsepsiya ilə biznesin genişlənməsinə şəxsən nəzarət etmək istəmirdilər, buna görə də Rey Krok onların françayzinq üzrə müstəsna agenti oldu.
Krok 1955-ci ildə McDonald’s Systems, Ink adlı frençayzinq şirkətini qeydiyyatdan keçirir və elə həmin ildə də Des-Pleyns şəhərində (İllioyns ştatında – hazırda Korporasıyanın muzeyidi) özünün ilk restoranını açır. Krok Makdonald qardaşlarının iş prinsipini qoruyub saxladı: məhdud menyu, keyfiyyətli qida, konveyer tipli istehsal sistemi, cəld və mehriban xidmət kimi göstəricilərə özünün şəxsi təmizlik, yüksək gigiyena standartlarını da əlavə etdi.
1961-ci ildə isə Rey Krok McDonald’s-ın bütün səhmlərini qurucu-səhmdarlar Dik və Mam MakDonald qardaşlarından satın alır. 1965-ci ildə bir səhminin qiyməti 22,50 dollar olmaqla birjaya çıxarılır və artıq 1966-cı ildən New York Birjasında əməliyyatlar aparılır. Bu, artıq McDonalds restoranlarının ölkə səviyyəsində böyük bir şirkət olduğu mənasını verirdi. 1967-ci ildə isə ilk beynəlxalq McDonalds restoranı Kanada açılır.
McDonald’s-ın uğur sirləri
Qısa zamanda qidalanmaq üçün əla vasitə və bütün fast-foodların “əcdad”ı olan bu şəbəkə qeyri-sağlam qida səbəbindən milyonlarla insanın tənqidinə səbəb olur. Lakin buna baxmayaraq McDonald’s inkişaf etməkdə davam edir və öz uğur sirrləri var.
Yanından ötüb keçməyəcəksiniz
Bir çox hallarda, məsələ McDonald’sın yerləşdiyi yerlə bağlıdır. Şirkət tərəfindən aparılan tədqiqatlara əsasən 70% insan McDonald’sa daxil olaraq nahar etmək qərarını spontan olaraq verir. Buna görə də restoranlar ilk növbədə belə qərarların maksimum hədd də ola biləcəyi yerlərdə tikilir. Bunlara misal olaraq, gediş-gəlişin çox olduğu yerləri, böyük küçələrin, əsas yolların kəsişməsini, böyük universitetlərin olduğu yerləri göstərmək olar.
Antikastinq
McDonald’s-da olarkən heç fikir vermisinizmi ki, orada cazibədar xanım işçiyə rast gəlmək mümkün deyil? Bütün qızlar biçimsiz uniformada, yəni onların fiquralarını əks etdirməməklə yanaşı, daha da eybəcər göstərən iş geyimində olurlar. Bu şirkətin prinsipial siyasətidir. Bundan başqa, burada xanım işçilərə nəzərə çarpacaq dərəcədə makiyajın edilməsi, bəzək əşyalarından və ətirdən istifadə, dırnaqların boyanması qadağandır.
Keçən yüzilliyin 70-ci illərində McDonald’s-da yalnızca kişilər işləyirdi, lakin feministlər öz hüquqlarını tələb edərək digər yerlərdə olduğu kimi burada da iş əldə etməyə nail oldular. Lakin rəhbərlik bundan çox narahat olurdu. Çünki onlar düşünürdülər ki, xanım işçilər oğlanların işdən yayınmasına səbəb olacaq. Buna görə də qərara alındı ki, işə götürülən qızlar gözəl və cazibədar olmasınlar və daha sadə, oğlan tərzində geyinən qızlar işə götürülməyə başladı.
Müəyyən bir müddətdən sonra müştərilər xanım əməkdaşlara öyrənməyə başladıqda rəhbərlik restorana daha çox ailələrin gəldiyini müşahidə etdi. Bu ailələrdəki qadınlar digər yerlərdən fərqli olaraq burada ərlərinin gözəl, cazibədar qızlara hesab ödəmədiyindən razı idilər.
Onun övladını sev, onda qadın da səni sevəcək.
McDonald’s-da artıq çoxdan başa düşüblər ki, bura valideynlər uşaqlarını deyil, uşaqlar valideynlərini gətirir. McDonald’s şəbəkələrində uşaqların bura maraqlarını cəlb etmək üsulları hərtərəfli düşünülüb: uşaq oyun meydançaları, əlverişli məbləğə ad günlərinin keçirilməsi, anası ilə növbəyə duran uşaqlara kiçik bonusların verilməsi, artırılmış diqqət və personal tərəfindən yüksək dərəcədə səbirliliyin göstərilməsi.
Burada uşaqların sevgisini qazanmaq üçün əsas vasitələrdən biri də adi burger, kartof və içkinin yanında təqdim edilən Happy Meal oyuncağıdır. Bütün bunlar parlaq bir paketdə qablaşdırılır və uşaqlar oyuncaq ilə birlikdə öz şəxsi yemək paketlərinin olmasından zövq alırlar. Şən Ronald Makdonald klounu isə demək olar ki, uşaqlar arasında ən məşhur personajdır. Bu kolun personajı restoranın girişində uşaqları qarşılayır, reklamlarda çəkilir, klinikalarda xəstə uşaqları ziyarət edir. 2003-cü ilin avqustunda isə Ronald Makdonald McDonald’s şirkətinin rəsmi “Xoşbəxtlik rəhbəri” elan edilmişdi.
Çox ləngimirik
Əgər müştərilər burada çox ləngisələr, onda yeni gələn müştərilərə yer olmayacaq və kassalarda da pul azalacaq. Buna görə də McDonald’s sizin burada çox ləngiməməyinizə və tez bir zamanda nahar edərək getmənizə ciddi səylər göstərir.
Qoxu marketinqi və dad sirləri
McDonald’s restoranlarının yanından keçərkən içəridə hazırlanan qidaların iyi və qidaların dadı bir çox insanı heyran edir. Buna səbəb xüsusi süni aromatizatorlar və dadlandırıcılardır. Məsələ ondadır ki, restoranlara gətirilən ərzaqlar artıq doğranmış halda, kartof və katletlər isə dondurulmuş halda olur. Qidanın emalı zamanı isə qidanın öz təbii dadı ölür və burada artıq onlar xüsusi dadlandırıcılardan istifadə etməyə məcburdurlar.
Vərdiş halı
İnsanlar vərdiş halını almış şeyləri sevirlər və bilirlər ki, Biq Makın dadı illər keçsə də eyni olaraq qalacaq. Buna görə də onlar bu restoranları tez-tez ziyarət edərək seçimli daddan zövq alırlar. Lakin insanlar yenilikləri də sevirlər və buna görə də makdonald menyularında ara-sıra xüsusi təkliflərə rast gəlinir.
- McdDonalds hazırda 112 ölkədə 30.000-dən çox restoranla xidmət verir və ABŞ-da Çikaqo yaxınlığında Oak Brookdakı mərkəzindən idarə olunur;
- Artıq uzun müddətdir ki, “Big Mac” müxtəlif ölkələrdə əhalinin alıcılıq qabiliyyətini müqayisə etmək üçün iqtisadi indeks kimi istifadə olunur;
- McDonald’s şəbəkəsi il ərzində 68 milyon insanı doyurur. Bu Böyük Britaniyanın ümumi əhali sayından çoxdur;
- McDonald’s-ın korporativ saytında fast food qidalarından uzaq olmaq məsləhətləri verilir;
- McDonald’s şəbəkəsinin restoranlarından birinin sahibi Böyük Britaniya kraliçasıdır və bu restoran Bukingem sarayında yerləşir;
-
1970-80 illərdə McDonald’s-da pizza sifariş vermək mümkün idi. Pizzanın menyudan çıxarılmasına səbəb onun hazırlanmasına tələb olunan vaxt idi. Orta hesabla pizza hazırlamağa 11 dəqiqə tələb olunurdu, McDonalds isə sürətli xidmət reputasiyasını qorumaq niyyətində idi;
-
Adi McDonald’s əməkdaşına şirkətin CEO-sunun 1 saat ərzində qazandığı pulu qazanması üçün 7 ay lazımdır.
- 1992-ci ildə dünyada o günə qədər açılmış restoranların ən böyüyü olan McDonalds Çində (Pekində) açılır. Bu iki mərtəbəli 28.000 m2 restoranda 700 oturacaq olur və 1.000 nəfər şəxsi heyət fəaliyyət göstərir;
- Ən kiçik McDonald’s restoranı Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşir. Restoranın sahəsi cəmi 46 m2 təşkil edir;
- McDonald’s loqosunun qızılı rəngdə olmadığı tək yer Sedona, Arizonadır. Şəhər əhalisi McDonald’s loqolarının firuzəyi rəngdə olmasının təbiət landşaftına qızılı rəngdən daha uyğun olacağı düşündüyü üçün belə bir qərar verilib. Bu şəhər McDonald’s rəng dəyişdiyi tək yerdir;
- Hər gün dünyada orta hesabla 52 milyon insan McDonalds restoranlarını ziyarət edir.