Kosmosu fəth etmiş yeganə Azərbaycanlı – Musa Manarovdu. 21 dekabr 1987-ci ildən 21 Dekabr 1988-ci il tarixləri arasında uçuş mühəndisi olaraq «Soyuz TM-4» gəmisində kosmosda bir il (365 gün, 22 saat, 38 dəqiqə) yaşamış ilk insan kimi tarixə düşmüş və Azərbaycan SSR-nin sonuncu Sovet İttifaqı Qəhrəmanıdır.
Növbəti dəfə 2 dekabr 1990 – 26 may 1991 tarixləri arasında yenidən uçuş mühəndisi olaraq «Soyuz TM-11» gəmisində kosmosda olmuş, bu dəfə kosmosda 175 gün, 1 saat, 50 dəqiqə qalmışdır. Eyni zamanda o, dünyada ilk dəfə açıq kosmosdan Yerlə radio əlaqəsinə girib. Hazırda kosmosda ən çox vaxt keçirmiş 8-ci kosmonavtdır.
Musa Manarov 22 mart 1951-ci ildə Bakıda anadan olub. O, 1990-1995, 2007-2011-ci illərdə Rusiya Federasiyası Dumasının deputatı olmuşdur və hazırda “Vahid Rusiya” partiyasının üzvüdür. 2011-ci ildə kosmonavtika sahəsindəki xidmətlərinə görə Rusiya federasiyasının prezidenti tərəfindən xüsusi medalla təltif edilib.
Hazırda Moskvada yaşayan Dağıstan mənşəli Manarov Bakıda ömrünün yalnız bir neçə ilini keçirməsinə baxmayaraq çoxsaylı müsahibələrində anadan olduğu Bakı şəhərini böyük sevgiylə xatırlayır. Maraqlıdır ki, onun həyat yoldaşı da Bakıda, onunla eyni doğum evində anadan olub. Buna görə Musa Manarov Bakının onun taleyində yalnız pozitiv rol oynadığını və fəzaya qalxan ilk bakılı olmağından böyük qürur duyduğunu öz müsahibələrində qeyd etmişdi.
2013-cü ilin dekabrında Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik və Raket Mərkəzinin “Kosmosa səyahət” sərgisinin təqdimatı zamanı Musa Manarov çıxış edərək: “Azərbaycan mənim vətənimdir. Azərbaycanda Yerin dərin qatlarına həmişə diqqət çox olub. Bunun nəticəsidir ki, Azərbaycan neft ölkəsidir. Qəhrəman Azərbaycan neftçilərinin əməyi və bu neftin sayəsində İkinci Dünya müharibəsində qələbə qazanmaq mümkün olmuşdur. Lakin hazırda Azərbaycanda diqqət səmaya yönəlir. Düşünürəm ki, gənclər getdikcə kosmosa maraq göstərəcək və gələcəkdə Azərbaycandan da astronavtlar olacaq” demişdir.
2013-cü ildə məşhur Meksika kinorejssoru Alfonso Kuaronun açıq kosmosda olmuş kosmonavtlar haqqında çəkdiyi və bütün dünyada maraqla izlənmiş “Qravitasiya” filmində Musa Manarov ekspert rolunda çıxış etmişdir.
Müəllif: Elnur Quliyev