2018-ci il üçün iqtisadiyyat üzrə Nobel mükafatını Nyu York Universitetinin professoru Paul Romer və Yel Universitetinin professoru William Nordhaus qazanıb. Amerikalı makroiqtisadçılar bu mükafata iqlim dəyişikliyi və texnoloji innovasiyanı makroiqtisadi təhlilə inteqrasiya etdiklərinə görə layiq görülüblər. Bu məlumat İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi tərəfindən açıqlanıb. Təqdimetmə mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da keçiriləcək və mükafatın dəyəri hazırda 9 milyon isveç kronu (1.1 milyon dollar) təşkil edir.
Akademiyanın açıqlamasında bildirilir ki, P.Romer və W.Nordhaus “uzunmüddətli, stabil və ekoloji baxımdan davamlı iqtisadi artıma nail olmaq kimi zəmanənin ən fundamental və təcili məsələlərinin bəzilərinin həllinin metodlarını araşdırıblar”.
P.Romer “texnoloji innovasiyaların uzunmüddətli makroiqtisadi təhlilə inteqrasiyasına” görə Nobel mükafatı ilə təltif edilib. Romer öz tədqiqatları ilə ilk dəfə olaraq bazar şəraitləri və iqtisadi qərarların yeni texnologiyalara təsirlərinin modelini hazırlayıb. O, doktorluq dərəcəsini 1983-cü ildə Çikaqo Universisteində alıb.
W.Nordhaus isə Nobel mükafatına “iqlim dəyişikliyini uzunmüddətli makroiqtisadi təhlilə inteqrasiya etdiyinə” görə layiq görülüb. O, 1990-cı illərdə iqtisadiyyat və iqlimin qlobal miqyasda bir-birinə hansı şəkildə təsir etməsi modelini yaradıb. Nordhaus doktorluq dərəcəsini 1967-ci ildə Massaçusets Texnologiya İnstitutunda alıb.

Xatırladım ki, 2017-cil ildə iqtisadiyyat üzrə Nobel mükafatını Çikaqo Universitetinin professoru Richard Thaler almışdı. O, bu mükafata psixologiyanın iqtisadiyyata necə təsir etdiyini araşdırdığına görə layiq görülüb. Onun nəzəriyyəsində insanların beyinlərində apardığı uçot hesabına hesablamaları necə sadələşdirdiyini kifayət qədər diqqət ayrılmışdır. Professorun araşdırmalarına görə, insanın məhdud rasional davranışının, sosial üstünlüklərinin və özünü idarə etmə sistemindən imtinası onun qərar verməyinə və bunun nəticəsində bazarlara təsirini öz əksini tapmışdır.
Məlumat üçün qeyd edim ki, Nobel mükafatı 1895-ci ildə İsveç ixtiraçısı Alfred Nobelin vəsiyyəti əsasında təsis edilib və ilk dəfə 1901-ci ildə təqdim olunub. İsveç Kral Elmlər Akademiyası fizika, kimya və iqtisadiyyat sahəsində, Karolinska İnstitutu fiziologiya və tibb sahəsində, Norveç Nobel Komitəsi isə ədəbiyyat sahəsində mükafatları verir. Sülh sahəsindəki mükafat isə Norveç parlamentinin (Stortinqin) seçdiyi 5 nəfərdən ibarət komitə tərəfindən təqdim olunur. Nobel mükafatına sahib olan şəxs və ya təşkilat medal, diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. 1901-ci ildə ilk Nobel mükafatı laureatlarına 150.782 İsveç kronu verilib. Nobel mükafatı laureatlarının təltif olunma mərasimləri hər il dekabrın 10-da, Alfred Nobelin ölümünün ildönümündə Stokholmda keçirilir. Yalnız sülh mükafatı laureata Norveçin paytaxtı Osloda təqdim edilir.
İqtisadiyyat üzrə Nobel Mükafatı iqtisad elmləri sahəsində ən nüfuzlu mükafat hesab edilir və 1968-ci ildə İsveçin Mərkəzi Bankı olan Sveriges Riksbank tərəfindən bankın 300 illiyi münasibətilə təsis edilib.
Nobel mükafatı laureatlarının siyahısı
Iqtisadiyyat üzrə 2019-cu il Nobel mükafatçıları