Dünya maliyyə sektorunda nüfuzlu şirkətlərdən biri olan Visa-nın icraçı direktoru Alfred Kelly CNBC telekanalının «Mad Money» verlişində verdiyi müsahibəsində qeyd edib ki, əgər kriptovalyutalar ödəniş vasitəsi kimi geniş istifadə olunarsa Visa onlarla işləyə bilər. Verliş zamanı aparıcının “Visa kriptovalyutalar tərəfindən hər hansı təhlükə hiss edirmi?” sualına Alfred Kelly: “Kriptovalyutalar bir aktiv sinifi kimi qısamüddətli və ya ortamüddətli dövrdə fiat valyutalara təhlükəli deyil. Hesab edirəm ki, əgər kriptovalyuta sektoru uğurlu inkişaf edərsə bizdə onunla eyni istiqamətdə hərəkət edəcəyik ki, maliyyə bazarında liderlər sırasında qalaq. Bizim vəzifəmiz dünyanın bütün pul vəsaitlərinin hərəkəti arasında durmaqdır və bu pulların hansı valyutalardan formalaşdığı elə də əhəmiyyət kəsb etmir. Biz dəyişməyə hazırıq və bitcoin, ethereum-u qlobal bazara çıxara bilərik lakin hazırda kriptovalyutalar ödəniş vasitələrindən daha çox əmtəə kimi dəyərləndirilir” cavab verib.
A.Kelly həmçinin əlavə edib ki, kriptovalyutaların müxtəlif sektorlarda ödəniş vasitəsi kimi tətbiq edilməsi yaxın illərdə daha da artacaq və Visa da buna uyğun öz mövqeyini möhkəmlətməyə çalışacaq. Uzunmüddətli prespektivdə Visa yeni investorların kripto-sektora daxil olması üçün vasitəçi ola bilər və hatta bunun üçün kriptovalyuta köçürmələrinin rəsmiləşdirilməsi üçün ayrıca platformanın yaradılması da mümkündür.
Xatırladım ki, 2018-ci ilin yanvar ayında həmin Alfred Kelly CNBC-ə verdiyi müsahibəsində bəyan etmişdi ki, Visa heç vaxt bitcoin və digər kriptovalyuta tranzaksiyaları ilə işləməyəcək. O, buna səbəb kimi kriptovalyutalarının məzənnəsinin yüksək volatilli olması ilə əlaqələndirmişdi. Lakin görünür ki, zaman keçdikcə Visa öz mövqeyini dəyişməyə doğru gedir. Son zamanlar nüfuzlu maliyyə qurumlarının rəhbərlərinin kriptovalyutalar haqqında öz fikirlərinin dəyişməsi artıq adı hal alıb desək yanılmarıq.