Mixail Mişustin: Kriptovalyuta əməliyyatları vergiyə cəlb edilməlidir

Rusiya Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustin  hesab edir ki, kriptovalyutalar vergilərdən yayınma, pul vəsaitlərinin qanunsuz nağdlaşdırılması və dövləti aldatmaq imkanı yaradır.

Mixail Mişustin: “Kriptovalyuta nə pul, nə də ki, ödəniş vasitəsi deyil. Daha çox maliyyə alətidir. Beləliklə kriptovalyuta əməliyyatları qiymətli kağızlarla olduğu kimi eyni qaydada vergiyə cəlb edilməlidir. Federal Vergi Xidməti ciddi şəkildə rəqəmsal aktivlərin vergiyə cəlb olunmasını planlaşdırır və kriptovalyuta bazarında şəffaflığın maksimum təmin olunmasına çalışır”.

   Vergi xidmətinin rəhbəri Rusiyada qəbul edilən rəqəmsal maliyyə aktivləri haqqında qanun layihəsindən mayninq anlayışının çıxarılması ilə razı deyil və onun sözlərindən belə çıxır ki, mayninq və maynerlər də vergiyə cəlb ediləcək.

     Xatırladım ki, ötən ay Federal Vergi Xidmətinin hüquqi şəxslər üzrə iş şöbəsinin müdir müavini Andrey Konkov bildirmişdi ki, Rusiyada kriptovalyuta əməliyyatlarının hüquqi tənzimlənməsinin olmamasına baxmayaraq vergi ödəyicilərindən kriptovalyuta aktivləri ilə əlaqəli əməliyyatlar üçün vergi ödəmək tələb olunur.

 

Elnur Quliyev

 

Leave a Reply