Avropa Birliyinin qiymətli kağızlar və bazarların tənzimlənməsi üzrə təşkilatı (ESMA) yanvarın 9-u İCO və kriptovalyuta aktivləri haqqında öz tövsiyyə hesabatını dərc etdi. Hesabatda qeyd edilir ki, kriptovalyutalar Avropa Birliyinin “Maliyyə alətləri bazarları haqqında” (MiFID) direktivinə uyğun olaraq maliyyə aləti hesab oluna bilər. ESMA (European Security and Market Authority) əvvəlcə Avropadakı tənzimləyici qurumlar və müstəqil eksperlərin rəylərin öyrəndi, bəzi sorğular apardı, müxtəlif biznes modellərini təhlil etdi və mövcud hüquqi sistemdə yeni rəqəmsal aktivlərin yerini müəyyən etməyə çalışdı. Əldə edilən nəticələri analiz edərək ESMA kriptovalyutaları 2 əsas kateqoriyaya bölünməsini təklif etdi:
- Birinci qrupa MiFID direktivinə uyğun olaraq təsnif edilə bilən rəqəmsal aktivlər daxil edilməlidir. Bura İCO proyektlərinin cəlb edilən aktivlər aid edilə bilər. Lakin bu məsələ “müəyyən tələblərin əlavə təfsiri və nəzərə alınmasını tələb edir”.
- İkinci qrupa isə maliyyə alətləri olmayan rəqəmsal aktivlər daxil edilir. Bu tip kateqoriyaya düşən kriptovalyutalar çirkli pulların yuyulması ilə mübarizə qanunları ilə tənzimlənməlidir.
Avropa Birliyində kriptovalyuta investorlarının maraqlarının təmin edilməsi üçün ESMA təklif edir ki, faktiki təklif edilən tövsiyyələri ümumi Avropa səviyyəsində müzakirə olunsun.
ESMA-nın icraçı direktoru Steven Maijoor: “Keçirdiyimiz sorğuların nəticəsinə əsasən biz belə bir qənaətə gəldik ki, bəzi kriptovalyuta aktivləri MiFID direktivinə uyğun olaraq maliyyə aləti statusu ala bilər. Bu halda onlara Avropa Birliyi ərazisində mövcud olan bütün tənzimləyici qaydalar tətbiq ediləcək. Lakin bir fakt da nəzərə alınmalıdır ki, mövcud qaydalar tərtib edilərkən kriptovalyutalar nəzərə alınmamışdı. Bu səbəbdən yerli tənzimləyici orqanlar kriptovalyutalara qoyulan tələblərin şərhində müəyyən problemlərlə üzləşə bilər.”
Xatırladım ki, MiFİD (The Markets in Financial Instruments Directive) Avropa Birliyində maliyyə alətlərinə investisiyaların tənzimləyən direktividir.
Elnur Quliyev