Mərkəzi Bankın sədri Elman Rüstəmov MB-da keçirilən mətbuat konfransında Blockchain əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması barədə açıqlama verib. Onun sözlərinə əsasən bu, regionda həyata keçiriləcək ilk mühüm layihədir.
Elman Rüstəmov: “Bu gün dünyada “4-cü sənaye inqilabı” mövzusu olduqca aktualdır. Sənaye inqilabında iqtisadiyyatın transformasiyası sahəsində yeni texnologiyaların, xüsusi ilə də paylanma reyesterlərinin böyük informasiya massivlərinə çıxışı olan texnologiyaların tətbiqi olduqca yenidir və bu, iqtisadi transformasiyada böyük yeniliklər gətirəcək. Bizim IBM-lə bağladığımız müqavilə rəqəmsallaşma strategiyasının yaradılmasını nəzərdə tutur. Bu texnologiyaların tətbiqinin maliyyə-bank sektorunda dərin islahatlar, bütövlükdə bu sektorun effekliliyinin artırılması, əhalinin rahatlığının təmin olunması, eləcə də əhali və maliyyə institutlarının xərclərinin azaldılması, dövlət idarəetməsinin sinxronlaşdırılması, kağız daşıyıcılardan çıxılması, təhlükəsizliyin tam təmin olunması, mərkəzləşdirilmənin azaldılması istiqamətində potensial imkanlar yaratmasının şahidi olduq. AMB digər dövlət insitutları ilə birlikdə vahid koordinasiya şəklində mühüm istiqamətlərdən biri olan iqtisadiyyatın transformasiyası və bu zaman yeni texnologiyalar, rəqəmsallaşma strategiyasından istifadə etməklə bu layihənin Azərbaycanda yayılması, xüsusilə də maliyyə sektorunun yeni bir formasının yaradılmasında çox ciddi səylər göstərəcək.”
Xatırladım ki, Mərkəzi Bank 2018-ci ilin sentyabr ayında “Blockchain” əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması ilə bağlı IBM East Europe/Asia Ltd şirkəti ilə müqavilə bağlayıb. Bu sahədə aparılan işlərin davamı olaraq Mərkəzi Bankda icraçı IBM East Europe/Asia Ltd şirkətinin ekspertlərinin, bir sıra kredit təşkilatlarının, Maliyyə Bazarlarına Nəzarət Palatasının və əlaqədar dövlət qurumlarının iştirakı ilə müvafiq görüşlər keçirilib. Görüşlər zamanı Blockchain texnologiyası və bu sahədə qabaqcıl təcrübələr ilə bağlı ümumi məlumat verilmiş, “Rəqəmsal hökumətin və elektron cəmiyyətin əsasını təşkil edən rəqəmsal identifikasiya”, “Rəqəmsal identifikasiyanın tətbiq sahələri”, “Öz müştərini tanı siyasəti (KYC)” mövzularında müvafiq təqdimatlar nümayiş etdirilib və iştirakçı qurumlarla geniş fikir mübadiləsi aparılıb.