İnvestor düşüncə tərzinin 2 modeli: Value və Growth

     Müasir maliyyə bazarlarında uğurlu investisiya yalnız kapital yerləşdirmək deyil, doğru düşüncə tərzini seçmək deməkdir. İnvestorların qərarlarını formalaşdıran əsas fəlsəfi yanaşmalar arasında iki istiqamət xüsusilə fərqlənir — Dəyər (Value) və Artım (Growth) strategiyaları. Bu yanaşmalar yalnız fərqli aktiv seçimlərini deyil, həm də riskə münasibət, bazar davranışı və uzunmüddətli strategiyanı müəyyən edir. Tarix göstərir ki, maliyyə bazarlarında uzunmüddətli uğur qazanan investorlar tək bir strategiyaya bağlı qalmır, əksinə fərqli yanaşmaların üstünlüklərini birləşdirərək balanslı portfel yaradırlar. Məhz bu səbəbdən Value və Growth yanaşmalarını düzgün anlamaq, onları müqayisə etmək və optimal şəkildə kombinə etmək hər bir investor üçün strateji əhəmiyyət daşıyır.

1. Dəyər düşüncə tərzi (Value mindset)

       Bu tərəf daha çox “təhlükəsizlik marjası” axtaran, fundamental göstəriciləri güclü olan, lakin hazırda bazar tərəfindən lazımi qiyməti almamış şirkətlərə fokuslanır.

  • Fəlsəfəsi: Qiyməti daxili dəyərindən aşağı olan, “ucuz” qalmış səhmləri tapmaq.
  • Şirkət nümunələri: Şəkildə Coca-Cola, McDonald’s, Visa, P&G, Johnson &Johnson kimi köklü və stabil dividend ödəyən nəhənglər yer alır.
  • Xüsusiyyəti: Bu şirkətlər adətən aşağı riskli, oturuşmuş biznes modelinə malik və böhranlara qarşı davamlıdırlar.

2. Artım düşüncə tərzi (Growth mindset)

      Bu düşüncə tərzi şirkətin hazırkı qiymətindən çox, onun gələcəkdəki potensial qazanc artımına və bazar payını genişləndirməsinə fokuslanır.

  • Fəlsəfəsi: Gəlirləri və mənfəəti bazar ortalamasından daha sürətlə artan şirkətlərə investisiya etmək.
  • Şirkət nümunələri: Burada Nvidia, Google (Alphabet), Salesforce, Etsy, Fiverr kimi texnologiya və innovasiya yönümlü şirkətlər ön plandadır.
  • Xüsusiyyəti: Bu səhmlər daha yüksək volatilliyə (qiymət dəyişkənliyinə) malikdir, lakin uzunmüddətli dövrdə böyük qazanc potensialı vəd edir.

Uğurlu portfel üçün hər iki yanaşmanın balansını tapmaq vacibdir:

  1. Dəyər səhmləri portfelə stabillik və dividend gəliri gətirir.
  2. Artım səhmləri isə kapitalın sürətli böyüməsini təmin edir.

    Kapital bazarlarında qalıcı uğur təkcə düzgün şirkət seçməkdən deyil, həm də bazarın müxtəlif mərhələlərinə uyğun strategiya qurmaqdan asılıdır. Dəyər yanaşması portfelə sabitlik və müdafiə xarakteri qazandırdığı halda, artım strategiyası gələcək imkanların reallaşmasına yol açır. Ən effektiv investorlar isə bu iki fəlsəfəni rəqib deyil, tamamlayıcı elementlər kimi qəbul edir. Çünki müasir bazarlarda davamlı gəlir əldə etməyin sirri tək istiqamətdə deyil, balanslaşdırılmış və çevik strategiyada gizlidir.

Müəllif: Elnur Quliyev

Bir cavab yazın