Kriptovalyutaların qiymətləri haqqında populyar analitik resurslardan biri olan CoinMarketCap.com aparıcı kriptovalyuta birjaları ilə birgə rəqəmsal aktivlərin dövriyyəsi haqqında etibarlı məlumatların yığılmasını təmin etmək üçün Alyans (Data Accountability & Transparency Alliance) yaratdığını elan etdi. Bunu CoinMarketCap öz bloqunda yaranmasının 6-ci il dönümü barədə məlumatı paylaşarkən qeyd edib.
“Data Accountability & Transparency Alliance” kriptovalyuta birjalarında hesabatlıq standartlarının hazırlanmasını və bu hesabatlığa əməl olunmasına monitorinqi həyata keçirəcəkdir. CoinMarketCap-da təqdim edilən bütün kriptovalyuta birjaları API vasitəsilə real vaxt rejimində ticarət məlumatlarını təqdim etməlidir. Bunu 45 gün ərzində yerinə yetirməyən platformalar CoinMarketCap-dakı ticarət dövriyyəsi həcmləri və kotirovkaların hesablanması cədvəlindən çıxarılacaqdır. Eyni zamanda, Alyans iştirakçıları olan birjalar ildə iki dəfə ticarət dövriyyəsi haqqında məlumatlar sahəsində mümkün yaxşılaşmaları müzakirə etmək üçün görüşlər keçirəcəklər. Hazırda Binance, Bittrex, OKEx, Huobi, Likit, Upbit, KuCoin, HitBTC və Bitfinex birjaları Alyansa qoşulduqlarını bildiriblər.
CoinMarketCap-ın təsisçisi Brandon Chez: “Biz sektorun inkişafının vacibliyini anlayırıq və rəqəmsal aktivlər haqqında şəffaf və etibarlı məlumatlar verməyə davam edəcəyik.”
Xatırladım ki, mart ayında Bitwise SEC-ə təqdim etdiyi hesabatda qeyd etmişdi ki, kriptovalyuta birjalarının ticarət dövriyyələri haqqında verdikləri məlumatların 95%-i saxtadır. Analitiklər həmçinin CoinMarketCap.com-u birjaların şübhəli və həqiqəti əks etdirməyən məlumatlarını dərc etməkdə günahlandırmışdılar.