SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir. SWIFT 1973-cü ildə 19 ölkədən olan 248 bank tərəfindən Belçika qanunvericiliyinə əsasən yaradılmış bir cəmiyyətdir. SWIFT banklara maliyyə əməliyyatları haqqında məlumatları təhlükəsiz, etibarlı və standartlaşdırılmış şəkildə göndərməyə və qəbul etməyə imkan verir.
Banklar öz aralarında razılaşaraq beynəlxalq pul köçürmələri kimi əməliyyatları həyata keçirmək üçün ortaq bir dil – “SWIFT kodu” müyyən etdilər. Bu üçün eyni mənanı verən SWIFT-BIC (Bank Identifier Codes), BIC code, SWIFT ID, SWIFT code ifadələri də istifadə edilir. SWIFT kodu ISO 9362 standartı əsasında yaradılıb, 8 və ya 11 hərf-rəqəm kombinasiyalı koddan ibarətdir. Kodlar mütləq böyük hərflərlə istifadə edilir və bütün dünya bank sistemində bu kodlar standartdır. Nümunə aşağıdakı kimidir:
Standart SWIFT kodu – TTTT AZ BB LLL
TTTT – Maliyyə təşkilatının şifrəsi və hesablaşma iştirakçılarını identifikasiya edən unikal 4 simvollu hərfi kod;
AZ – Ölkə kodudur. ISO 3166 standartı əsasında yaradılan 2 simvollu hərfi kod;
BB – Yerləşməni bildirən 2 simvollu hərf-rəqəm (0 və 1 rəqəmlərindən başqa) tipli kod;
LLL – filialın adını bildirən 3 simvollu hərf-rəqəm kodudur. Filiallar olmadığı təqdirdə XXX simvollarından istifadə edilir.
Misal: A yerli bankının müştərisi Bakıdan İstanbuldakı B bankına dostu üçün pul göndərmək istəyir. O, banka dostunun hesab (İBAN) nömrəsini və B bankının standart SWIFT kodunu təqdim etməlidir (bu kodu əsasən bank özü müəyyən edir, müştəri bankın olduğu yeri və adı deyir). Bakıdakı A bankı SWIFT mesajlaşma şəbəkəsi vasitəsilə İstanbuldakı B bankına pul köçürməsi ilə bağlı mesaj göndərəcəkdir. İstanbuldakı bank pulun mədaxili ilə bağlı mesajı qəbul etdikdən sonra hesaba pulu köçürəcəkdir.
Yadda saxlamaq lazımdır ki, SWIFT sadəcə mesajlaşma sistemidir. Belə ki, o hər hansı pul və ya depozit ehtiyatları saxlamır, yalnız ödəmə barədə mesajı göndərir və qeydə alır. SWIFT maliyyə mesajları aşağıdakı kateqoriyalara ayrılır.
- Sistem mesajları;
- Müştəri köçürmələri və çekləri;
- Maliyyə təşkilatlarının köçürmələri;
- Pul bazarları – forex, depozitlər;
- İnkassa və kassa məktubları;
- Qiymətli kağızlar bazarları;
- Qiymətli metallar;
- Akkreditivlər və qarantiyalar;
- Yol çekləri;
- Nağd pulun idarə edilməsi və müştəri statusu.
SWIFT demək olar ki, bütün qaydalarında beynəlxalq ISO standartlarından istifadə edir. Bu səbəbdən bəzi inkişaf etmiş ölkələr SWIFT standartları əsasın öz milli köçürmə sistemləri standartlarını yaradıblar. Buna misal, İngiltərə (CHAPS), Fransa (SAGITTAIRE), İsveçrə (SIC) göstərmək olar.
SWIFT ilə işləmək maliyyə təşkilatlarına aşağıdakı üstünlüklər verir:
- Məlumatların ötürülməsinin təhlükəsizliyi və məxfilik;
- Əməliyyatlara sərf edilən xərclərin azaldılması. Əməliyyatların həcmi artdıqca, xərclər azalır;
- Dünyanın istənilən nöqtəsinə məlumatın tez bir zamanda çatdırılması. Bir çox ünvana göndərilən məlumatların çatdırılması adətən, 15-20 dəqiqəyə, əlavə ödəniş olunarsa, o zaman 1-5 dəqiqəyə kimi baş verir;
- Bütün ödəniş sənədlərinin sistemə standartlaşdırılmış eyni formada daxil olması. SWIFT istifadəçilərinə tam maliyyə təminatı verir. Yəni əgər bu sistemin nasazlığı səbəbindən hansısa məlumat göndərilən ünvana sutka ərzində çatmasa, o zaman SWIFT bu gecikmə üzündən sifarişçiyə dəymiş birbaşa və dolayı zərəri tam olaraq öz üzərinə götürür.
SWIFT-ə qoşulma xərci 160-200 min dollar təşkil edir ki, bu da orta və kiçik banklar üçün böyük məbləğdir. Beynəlxalq bank əməliyyatlarını yerinə yetirmək hüququna malik olan istənilən bank SWIFT-in üzvü ola bilər. SWIFT- ə tam olaraq qoşulma prosesi 4 aydan gec olmayaraq baş verir və iki mərhələdən ibarətdir:
- Maliyyə təşkilatının SWIFT ittifaqı üzvülüyünə qoşulması. SWIFT Direktorlar Şurası sənədləri nəzərdən keçirir və bankın cəmiyyətə qəbul edilməsi haqqında qərar qəbul edir;
- Maliyyə təşkilatında SWIFT aparat və proqram kompleksinin yaradılması. Bu mərhələdə bütün texniki məsələlər həll edilir, kommunikasiya avadanlığı əldə edilir və heyətə texniki vasitələrlə bağlı təlim keçirilir.
Azərbaycanda fəaliyyət göstərən bütün banklar, Mərkəzi Bank, bank olmayan Aqrarkredit birliyi, Dövlət Xəzinədarlığı Agentliyi SWIFT-in üzvləridir.
Müəllif: Elnur Quliyev