Vençur kapital nədir?

   Vençur kapital – elmi-texniki araşdırmaların, ixtiraların, kiçik və yeni şirkətlər, startaplar tərəfindən aparılan hər hansı riskli, lakin perspektivli xarakter daşıyan yeniliklərin tətbiq edilməsinin maliyyələşdirmə formasıdır. Başqa sözlə, vençur kapitalı, bazarda yeni yaranan və özünə müvafiq yer qazanmaq uğrunda mübarizə aparan firmaların maliyyələşdirilməsi üçün nəzərdə tutulan maliyyə vəsaitidir. Vençur sərmayələri digər investisiyalardan yüksək riskli olması ilə fərqlənirlər. Vençur kapitalı bir çox hallarda birbaşa özəl investisiya qoyuluşunda istifadə edilir və adətən xarici sərmayəçilər tərəfindən həyata keçirilir. Bu tip investisiyalar bir çox hallarda müəssisənin kapitalında pay sahibi olmaq üçün istifadə olunur.

the-life-cycle-of-a-private-equity-or-venture-capital-fund.jpg    Banklar və kredit təşkilatları adətən kredit riskinin minimum olduğu sahələrə üstünlük verirlər. Buna görə də startapların, kiçik şirkətlərin kreditlərdən istifadə etmək imkanı çox zaman məhdud olur. Bu səbəbdən inkişaf etmiş ölkələrdə startapların vençur maliyyələşdirilməsi ixtisaslaşmış maliyyə qurumları (vençur fondlar) vasitəsilə həyata keçirilir. Vençur fondlar startaplara yatırım edərək, onların inkişafı prosesində yanında olmağı və “ən yaxşı zamanda” ortaqlıqdan ayrılmağı hədəfləyir. Yəni, vençur fond ona təklif ediyi məhsul istehsalı və ya xidməti həyata keçirə bilmək üçün qurulacaq startapın hissə sənədləri qarşılığında maddi dəstək verərək və məhsulu hazırlayan şəxs və ya layihə sahibinə şərik olur.

Vençur Kapitalı investisiya ortaqlıqlarının əsas xüsusiyyətləri:

  • Vençur Kapitalı bir investisiya ortaqlığı olmaqla bərabər fərqli bir status və proseduru əhatə etməkdədir;
  • Yeni, dinamik, sürətli artım və qazanc potensialı göstərən layihələrə uzun müddətli investisiyalar edərlər. İnvestisiyanın formatı ortaqlıq olub, faiz alınma məsələsi yoxdur;
  • İnvestisiya edilən startapın hissə sənədi satın alınaraq şirkət idarəsinə qoşulmaqla bərabər məqsədi, şirkətin idarəsini əlinə keçirmək deyil (olmamalıdır). Məqsədi, şirkətin məhsul və xidmət istehsalına köməkçi olub şirkətin böyüməsini və daha qazanclı olmasına şərait yaratmaq və daha sonra da əlindəki şirkət hissələrini daha yüksək qiymətdən sata bilməkdir;
  • Şirkətlərin başlanğıc sərmayələri üçün yaxşı bir mənbədir.

Vençur kapitalı əsasən aşağıdakı sektorların inkişafına güclü təkan vermişdir:

  • İnformasiya texnologiyaları;
  • Biotexnologiya;
  • Tibbi ləvazimatların istehsalı;
  • Şəbəkə təhlükəsizliyi;
  • Elektron ticarət və sosial media;
  • Ekoloji təmiz texnologiya.

most-important-steps-open-graph.jpg

Vençur layihələrinin maliyyələşdirilməsi mənbələrinə isə aşağıdakıları aid etmək olar:

  • Şirkətin təsisçilərinin şəxsi vəsaitləri;
  • Pensiya fondlarından cəlb olunan kapital;
  • Dövlət və beynəlxalq təşkilatların qrantları (əvəzsiz maliyyəsi);
  • Universitet, Elmi-tədqiqat İnstitutları və araşdırma mərkəzlərinin vəsaitləri;
  • Fərdi vençur sərmayəçilərinin maliyyəsi;
  • Vençur firmalarının kapitalı;
  • Vençur fondlarının vəsaitləri və s.

Vençur maliyyələşdirməsini əsaslandıran şərtlərə aşağıdakıları misal göstərmək olar:

  • Vençur sərmayəçisi investisiya qoyuluşunun qarşılığında şirkətin kapitalında iştirak payı əldə edir;
  • İnvestorun əsas gəliri – onun payının dəyərinin artmasıdır;
  • Şirkətdaxili gözlənilən gəlirin səviyyəsi 35-40% arasında dəyişir;
  • Sərmayəçinin əlində olan zəmanət – şirkətin idarə olunmasında rəhbərlik və bir səhmdar kimi hüquqlarının qorunmasıdır;
  • Riskin dərəcəsinin yüksək və daha yüksək olmasıdır (Təbii ki, riskə nisbətən də artan gəlir);
  • Layihənin təhlilinin əsas predmetinin menecer heyətinin yüksək peşəkarlığı və şirkətin bazar imkanlarının geniş olmasıdır;
  • İnvestor adətən 3-7 ildən sonra gəlir əldə edir.

5d2965b0b05b4998b1b89519174a4ecc.jpg

    Kreditləşmə formasında vençur maliyyələşdirməsinin ənənəvi kreditləşdirmədən əsas fərqi aşağıdakılardan ibarətdir:
–  vençur kreditləşdirməsinin obyektləri yeni, perspektivli ideyalar, işləmələr və texnologiyalardır, yəni bankların vəsait qoya bilmədiyi sferalara kapital qoymaqdır;
–  banklar konkret əmlak təminatı altında kredit verir, vençur kreditləşdirməsində hər hansı zəmanət tələb edilmir;
–  banklar maliyyələşdirmədə kreditorlar qismində çıxış edir, vəsaitin qaytarılmasını və faiz formasında gəliri alınmasını nəzərdə tutur, halbuki vençur kapitalisti yalnız kreditor deyil, həm də maliyyələşdirilən layihənin iştirakçısıdır;
–  vençur prosesində kredit münasibətlərində təkcə ənənəvi kreditorlar – bank deyil, həm də digər maliyyə təşkilatları – sığorta şirkətləri və pensiya fondları çıxış
edə bilər.

Müəllif:  Elnur Quliyev

Leave a Reply