Kredit axtarışında olan insanlar bankların kredit məhsullarını müqayisə edərkən adətən yalnız illik faiz dərəcələrinə diqqət yetirir və seçim olaraq daha aşağı faizi təklif edən bankları seçirlər. Lakin banka yaxınlaşdıqda bir çox hallarda bankların saytlarında və reklamlarında qeyd edilməyən əlavə digər komissiya xərclərinin (nağdlaşdırma, sığorta və s.) olduğunu görürlər. Bu faktor kredit üzrə bankın ümumi faiz və digər xərclərini qabaqcadan dəqiq hesablamağa imkan vermir. Odur ki, bankların kredit məhsulları üzrə xərcləri dəqiq hesablamaq və müqayisə aparmaq üçün FİFD göstəricisi ən optimal vasitədir.
FIFD (faktiki illik faiz dərəcəsi) – kredit məhsulu üzrə təklif edilən faiz dərəcəsi ilə yanaşı müştəridən tələb olunan əlavə xərclər (komissiya, sığorta və s.) də nəzərə alınmaqla məcmu faiz dərəcəsidir. Bu dərəcə bankların təklif etdikləri kredit məhsulları üzrə müqayisənin aparılmasını təmin edən əsas göstəricidir.
Misal: Müştəri 1000 AZN kredit sifariş edir və ona bankdan bildirirlər ki, illik 30% ilə 12 ay müddətinə veriləcək və aylıq ödənişləri 97.49 AZN olacaq, yekunda isə faiz ödənişi 169.88 AZN təşkil edəcək. Lakin müştəriyə söyləmirlər ki, bu kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı 5% və vəsaitin nağdlaşdırılması üçün komissiya 1% təşkil edir. Nəticə etibarı ilə müştəri əvvəlcədən 1000 AZN kredit üçün 50 AZN rəsmiləşdirilməsi haqqı və 10 AZN vəsaitin nağdlaşdırılması üçün rüsum ödəyir. Bunları nəzərə alaraq müştəriyə 940 AZN götürür və bu məbləğ üçün aylıq ödənişi 97.49 AZN olur. Yekun nəticədə müştəri 12 ay üçün banka 12*97.49=1169.88 AZN pul ödəyir. Bununla da bankda müştəriyə 12 ay üçün xərci barədə söyləyirlər ki, 1169.88-1000=169.88 AZN təşkil edir və effektiv olaraq 169.88/1000*100=16.99% xərciniz olur, yəni effektivlik yuvarlaq olaraq 17% təşkil edir.
FİFD göstəricisi isə kredit faizləri ilə bərabər digər əlavə xərcləri (50+10) də nəzərə alır. Yəni, müştəriyə müqavilədə illik 30% ilə 1000 AZN yazıb, faktiki olaraq 940 AZN verilirsə və aylıq ödəniş 97.49 AZN olarsa, bu zaman FİFD 42.45% təşkil edəcək.