06.08.2019 tarixdə bitcoin 12.000 dollarlıq həddi keçməyi bacardı. Artıma əsas səbəb kimi ABŞ-Çin ticarət müharibəsi – D.Trampın cari ilin sentyabrın 1-dən 300 milyard dollarlıq Çin məhsuluna 10% əlavə vergi qoyduqlarını açıqlaması göstərilir. Məlum olduğu kimi avqusutun 5-i Çinin valyutası yuan 24 saat ərzində ABŞ dolları qarşısında 7% dəyər itirdi. Bu, yuanın son 11 ildə ilk dəfə qeydə alınan dəyərsizləşməsi idi. ABŞ-Çin ticarət müharibəsinin genişlənməsi, bir sıra texnologiya şirkətlərinin – Facebook 4%, Amazon 3,2%, Netflix və Google 3,5% səhmlərinin dəyərinin düşməsinə səbəb olub. Həmçinin “Dow Jones Industrial Average” indeksi 3%, “Nasdaq” isə 3,5% düşüb. Nəticədə ABŞ-Çin ticarət müharibəsi bitcoin də daxil olduğu yüksək riskli vençur aktivlərə tələbatın artmasına səbəb olur. Çinli investorlar yuanın dəyərinin düşməsi səbəbi ilə alternativ maliyyə alətı – kriptovalyutalara, əsasən də bitkoinə üstünlük verməyə başladılar. Bununla paralel olaraq bitkoinin qiymətinin artmasın təsir edən faktorlardan biri də ABŞ-ın Venesuelanın bütün dövlət aktivlərinin dondurması ilə bağlı qərarı oldu. Avqustun 5-də qüvvəyə minən qərardan dərhal sonra LocalBitcoins birjasında bitcoin ticarəti dövriyyəsinin həcmində kütləvi artım qeydə alındı. Venesuelada hiperinflyasiya və siyasi böhran ölkədə bitkoinə olan tələbi daha da artırmışdı.
CoinMarketCap.com-a əsasən hazırda (saat 14:00) bitkoinin qiyməti 12.241, bazar kapitalizasiyası isə 218.6 milyardla kriptovalyutaların ümumilikdə bazar kapitalizasiyasının 68.3%-ni təşkil edir. Xatırladım ki, 2019-cu ildə bitkoinin maksimum qiyməti iyun ayında 13.900 dollar olub.