Daşınmaz əmlakın icbari sığortası nədir?

    Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Daşınmaz əmlakın icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 2-ci fəslində nəzərdə tutulmuşdur. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

    Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur:

  • yanğın, ildırım düşməsi;
  • məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;
  • elektrik naqillərində baş verən qısa qapanma;
  • buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;
  • su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma;
  • hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;
  • yerüstü nəqliyyat vasitəsinin dəyməsi;
  • təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;
  • üçüncü şəxslərin hərəkətləri.

    Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur:

  • sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;
  • sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi;
  • hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması;
  • qrunt sularının səviyyəsinin dəyişməsi;
  • suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması.

    Qanunvericilikdə yaşayış evləri və mənzillər üçün sığorta tarifi sığorta məbləğinin 0,2%-i həcmində müəyyən edilib. Beləliklə,

  • Bakı şəhərində yerləşən mənzilləri 50 manat məbləğində icbari sığorta etdirib hadisə baş verdikdə 25.000 manatadək, azadolma məbləği 250 manat;
  • Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən mənzilləri 40 manat məbləğində icbari sığorta etdirib hadisə baş verdikdə 20.000 manatadək, azadolma məbləği 200 manat;
  • Digər yaşayış məntəqələrində yerləşən mənzilləri 30 manat məbləğində icbari sığorta etdirib hadisə baş verdikdə 20.000 manatadək (azadolma məbləği 150 manat) məbləğdə təmiant ala bilərsiniz.

Misal: A şəxsin Bakı şəhərində yerləşən mənzilinə 30.000 manat dəyərində ziyan dəyib. Şəxs 50 manatlıq daşınmaz əmlakını sığorta etdirib. 25.000 sığorta şirkəti qarşılayacaq. Qanuna əsasən vətəndaş zərərin 250 manatını (azadolma məbləği) və 30.000 – 25.000 = 5.000 manatı özü qarşılamalıdır. Ümumilikdə 5.250 manat ziyanı özü qarşılayacaq.

strahovanie.jpg

     Yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı qaydada müəyyən olunur:

  • Tikililər və binalar üzrə – sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür tikilinin və binanın inşasının dəyəri – bərpa dəyəri məbləğində. Bərpa dəyəri müəyyən edilərkən materialların köhnəlmə əmsalı və sığorta predmeti olan əmlakın texniki vəziyyəti nəzərə alınır;
  • Qeyri-yaşayış sahələri üzrə – sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür və həmin texniki vəziyyətdə olan əmlakın orta bazar dəyəri məbləğində.

     Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqları dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir.

   01.01.2020-ci il tarixindən etibarən daşınmaz əmlakın icbari olaraq sığortalanması prosesinə başlanılacaq. Qanunvericiliyə müvafiq olaraq, daşınmaz əmlakını sığorta etdirməyən fiziki şəxslər 30 manat, hüquqi şəxslər 200 manat, vəzifəli şəxslər isə 80 manat məbləğində cərimə ödəməli olacaqlar. Əmlakını icbarı sığorta etdirmək istəyən şəxslər öz iradələrindən asılı olaraq fəaliyyət göstərən istənilən sığorta şirkəti ilə əmlakını sığorta etdirə bilər.

     Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.

Müqavilə hansı müddətə bağlanır?

   Müqavilə sığorta təşkilatı ilə bağlanır və İcbari sığorta haqqında qanunun 8.2 maddəsinə əsasən icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Sığorta təşkilatının seçimi vətəndaşın istəyi ilə bağlıdır.

Müqavilə bağlanmadıqda cərimə nə qədər olacaq?

    İnzibati Xətalar Məcəlləsinin 469.1. maddəsinə əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat məbləğində, vəzifəli şəxslər 80 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir. Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Yəni cərimə olunduqdan 20 gün müddət ərzində əmlakını sığorta etdirməlidir. Əks halda 20 gündən sonra yenə cərimələnəcək.

Leave a Reply