Son dövrlərdə müşahidə olunan tendensiyalar göstərir ki, kriptovalyuta bazarının vəziyyətini qiymətləndirmək üçün artıq yalnız bitkoinin qiymətinə baxmaq kifayət etmir. Uzun illər bitcoin bütün kriptoekosistemin əsas göstəricisi hesab olunsa da, hazırda bazarda daha dərin struktur dəyişiklikləri baş verir. Xüsusilə, real aktivlərin tokenləşdirilməsi, stabilkoinlərin geniş yayılması və ənənəvi maliyyə institutlarının blokçeyn texnologiyalarına marağının artması sektorun inkişafını yeni mərhələyə çıxarır.
Hazırda kriptovalyuta bazarında spekulyativ aktivlərlə texnoloji infrastruktur arasında fərq daha aydın görünür. Bitkoin və digər kriptovalyutaların qiymətlərində dalğalanmalar davam etsə də, blokçeyn əsaslı maliyyə həllərinin tətbiqi genişlənir. Dünyanın aparıcı maliyyə şirkətlərinin (BlackRock, Nasdaq, Visa, MasterCard) tokenləşdirilmiş aktivlər, rəqəmsal ödəniş sistemləri və stabilkoin layihələrinə investisiya yatırması göstərir ki, bazarın uzunmüddətli inkişafı yalnız kriptovalyutaların qiymət dinamikasından asılı deyil.

Hesab edirəm ki, yaxın illərdə investorlar və bazar iştirakçıları kriptovalyutaların qiymətindən daha çox onların yaratdığı iqtisadi dəyərə və praktiki tətbiq imkanlarına diqqət yetirəcəklər. Bitkoin qiyməti ilə kripto sənayesinin real inkişafı arasında əvvəlki güclü əlaqə zəifləyib.Bitkoinin qiyməti daha çox investorların risk iştahını göstərir. Bu baxımdan, kripto sənayesinin gələcəyini müəyyən edən əsas amillər Bitkoinin növbəti qiymət rekordu deyil, blokçeyn texnologiyalarının maliyyə sisteminə nə dərəcədə inteqrasiya olunacağı, tokenləşdirmə proseslərinin sürəti və stabilkoinlərin qlobal ödəniş ekosistemində tutacağı yer olacaq.
Müəllif: Elnur Quliyev
