İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayı təqdim olunub. 2019-cu ilin yanvar-noyabr ayları ərzində ölkəmizin ümumi ixracı 18,3 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə isə 1 milyard 781 milyon dollar dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 11 ayında Rusiyaya qeyri-neft ixracı 12%, Türkiyəyə 13%, İsveçrəyə 33%, Gürcüstana 29%, Ukraynaya isə 27% artıb.
“İxrac İcmalı”nın dekabr sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Yanvar-noyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər yer alıb:
- “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi;
- “Socar Polymer” MMC;
- “MKT İstehsalat Kommersiya” MMC;
- “Nine Climate” MMC;
- “Global Expert Fruits” MMC;
- “Sun Food” MMC;
- “Baku Steel Company”;
- “Azərbaycan Şəkər İstehsalat Birliyi ” MMC;
- “Natural Fruit” MMC;
- “Caspian enerji-2020” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azəralüminium” MMC, “Azergold” QSC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “CTS-Agro” MMC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, “Azərikimya” İB, “Bakı Neft Maşinqayırma Zavodu” TASC.
2019-cu ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (166,7 milyon dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 157,7 milyon dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (113,5 milyon dolları) üçüncü olub.
“İxrac İcmalı”nda Azərbaycanın xidmət ixracı ilə bağlı məlumatlar da yer alıb. Məlumat verilib ki, 2019-cu ilin yanvar-noyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 26 ölkəsinə 40,6 milyon dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-noyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Malayziya, Birləşmiş Krallıq və BƏƏ-dir.
“İxrac İcmalı”-na əsasən 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2,9 milyon və ya 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 11% çox xarici vətəndaş gəlib. Bu müddət ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 milyard 164 milyon AZN təşkil edib.
Mənbə: iqtisadiislahat.org