Nazirlər Kabineti “Koronavirus pandemiyasının mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Prezidentin 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planını təsdiq edib. Tədbirlər Planı üzrə nəzərdə tutulan əsas məqamlar:
Rəsmi iş yeri olamayan vətəndaşlar üçün – 190 AZN
2020-ci ilin aprel-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmış 200 minə qədər şəxsə yaşayış minimumu qədər – 190 manat (2 ay 380 manat) birdəfəlik ödəniş veriləcək. Bu məqsədlə 70 milyon manat ayrılıb.
İşsiz olanların nəzərinə!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata əsasən işsiz kimi qeydiyyata alınmaq və ya birdəfəlik ödəməni (190 AZN) almaq üçün karantin rejimini pozub evdən çıxaraq, Məşğulluq Mərkəzlərinə müraciət etmələrinə ehtiyac yoxdur. İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır. İşsiz kimi Dövlət Məşğulluq Xidmətində qeydiyyata düşmək üçün:
- www.e-sosial.az portalına daxil olaraq “e-xidmətlər” bölməsindən “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xidmətini seçməlidir;
- Əgər sizdə asan imza və ya elektron imza yoxdursa “İstifadəçi FİN-i ilə” xanasını seçin. İstifadəçi FİN-nin əldə olunması üçün saytda qeydiyyatdan keçməlisiniz;
- “Qeydiyyatdan keçin” düyməsini seçərək şəxsiyyət vəsiqənizin FİN kodunu və adınıza olan mobil nömrənizi daxil edirsiniz. Mobil nömrə mütləq şəkildə şəxsiyyət vəsiqəsi kimindirsə onun adına olmalıdır. Əks halda sistem qəbul etməyəcək;
- Mobil telefonunuza gələn aktivasiya kodunu uyğun xanada yazıb, öz şifrənizi (parol) təyin etməklə qeydiyyatınızı tamamlayın;
- Qeydiyyat bitdikdən sonra FİN kodunuzu və parolunuzu yazaraq sistemə daxil olun və birinci bölmədə olan “Qoşulmuş sistemlər” yerindən “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” elektron xidməti və sonra “İş üçün müraciət” yerinə daxil olaraq xanaları doldurub Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata düşün.
Qeyd: İnterneti olmayanlar rayon Məşğulluq Xidmətinə zəng edərək şəxsiyyət vəsiqələrinin FİN kodunu təqdim edərək qeydiyyata düşə bilər.
Kimlər işsiz kimi birdəfəlik yardım ala bilməz!?!
Məşgulluq haqqında Qanuna əsasən işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, işsiz kimi müvafiq qurumda qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Muzdla, yəni əmək müqaviləsi ilə dövlət və ya özəl şirkətlərdə işləyənlər; mülki-hüquqi xarakterli (xidməti) müqavilə ilə işləyənlər; sahibkarlar (aktiv VÖEN-i olan), mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayıldığından işsiz şəxs kimi qeydiyyata alına bilməzlər.
Dövlətdən aşağıdakı ödənişləri alan işsiz şəxslər də birdəfəlik 190 manat ödəməni ala bilməyəcək:
- ünvanlı dövlət sosial yardım alan ailələrin üzvlərinə;
- əmək pensiyaçıları, aylıq müavinət və təqaüd alanlara;
- özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;
- işsizlikdən sığorta ödənişi alanlara;
- peşə hazırlığına görə təqaüd alanlara;
- 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;
- əri və ya arvadı sahibkar (aktiv VÖEN-i olan) olanlara.
İşsiz şəxslərə 190 manat birdəfəlik yardımən verilməsi ilə əlaqədar xüsusi SMS göndəriləcək. SMS-də “Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, SMS-də bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala biləcək.
Fəaliyyəti dayandırılmış (VÖEN-i passiv olan) şəxslər üçün birdəfəlik ödəmənin alınmasında heç bir məhdudiyyət yoxdur. Yəni VÖEN-i passiv olan fiziki şəxslər birdəfəlik ödəmənin alınması üçün müvafiq qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər.
Diqqət! Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. Birdəfəlik ödəmənin verilməsində ünvanlılıq prinsipi, şəxsin ailə gəlirləri nəzərə alınacaq. Xüsusi karantin rejimi uzadılarsa işsiz şəxslər növbəti aylarda 190 manatı alacaqlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata əsasən birdəfəlik ödəmə proqramı üzrə 600 min şəxsin müəyyən edilməsi və onlara aprel ayına dair ödənişlərin olunması prosesi yekunlaşıb. 190 AZN birdəfəlik ödəniş edilmiş şəxslərin siyahısı dərc edilib.
Qeyd: Birdəfəlik yardımla bağlı imtina mesajı alan vətəndaşlar nazirliyin rəsmi internet səhifəsinin (sosial.gov.az)”Müraciətlər” bölməsində “Məktub yazmaq” yarımbölməsinə daxil olmaqla müraciət göndərə bilərlər.
İşsizlər üçün yeni iş yerləri – aylıq 300 AZN
Tədbirlər Plana əsasən aprel-may aylarında ölkədə 50 min ictimai iş yeri yaradılması üçün 30 milyon manat ayrılıb. Hər ictimai işə görə ayda 300 manat əmək haqqı veriləcək.
Müqaviləsiz işləyənlər üçün – ödəniş verilməyəcək!
Tədbirlər Planından məlum olur ki, əmək müqaviləsi olmadan işləyənlər üçün birbaşa müavinətlər nəzərdə tutulmayıb. Əmək haqqı gündəlik ödənilən sahələrdə çalışan şəxslər üçün ödəniş nəzərdə tutulmayıb. Bura ofisiantlar, tikintidə ustalar və fəhlələr, turizm sahəsində işləyənlər aiddir.
Dövlət təşkilatlarında ixtisar olmayacaq
Tədbirlər Planı əsasən dövlət sektorunda işləyənlərə əlavə maaş verilməyəcək lakin bunun əvəzində məcburi tətillərə görə onların maaşları olduğu kimi ödəniləcək. Dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması nəzərdə tutulur. Bu tədbir 910 min nəfəri əhatə edir.

Özəl şirkətlərdə işləyənlər üçün – 358 AZN
Qeyri-neft və qeyri-dövlət sektorunda çalışan 300 min nəfərə qarşıdakı aylarda ümumilikdə 215 milyon manat ödəniləcək. Bu bənd üzrə dəstək müddəti dəqiq göstərilməyib lakin digər tədbirlərdə dəstək 2 ay davam edəcək. 2 aylıq müddət olduğu halda bu – adambaşına 358 manat təşkil edir və ölkə üzrə orta aylıq əmək haqqının (712 manat) yarısı deməkdir. İqtisadiyyat Nazirliyinin rəsmiləri də dəstəyin maksimum məbləğinin orta aylıq əmək haqqının yarısı həcmində ola biləcəyini bildirirdilər. Bu vəsait iş yerlərinin azaldılmaması məqsədilə şirkətlərə ödəniləcək ki, onlar da işçilərə ödəsinlər. Bu yardımı işçilərini ixtisar etməyən şirkətlər alacaq.
Fərdi və mikro sahibkarlara – minimal 250 AZN
Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi çərçivəsində pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək. Yəni, yalnız nümunəvi vergi ödəyicilərə. Sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250 manatdan az olduğu təqdirdə ona 250 manat məbləğində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyinin maksimal həddi isə 5000 min manat olacaq.
Ünvanlı dövlət sosial yardım üçün müraciət qaydaları
Azərbaycanda iqtisadi artıma və sahibkarlığa dəstək mexanizmləri
Sahibkarlara maliyyə dəstəyi: SUALLAR və CAVABLAR
Azərbaycanda iqtisadi artıma və sahibkarlığa dəstək proqramları
Koronavirusla Mübarizəyə Dəstək Fondu
Rəsmi iş yeri olmayan vətəndaşlara 190 AZN ödəniləcək
