Milli neft markamız – “Azeri Light”

     Hazırda dünya neft bazarında baş verən hadisələri və Azərbaycan iqtisadiyyatının neftin qiymətindən aslılığını nəzərə alaraq milli neft markamız olan “Azeri Light” barədə maraqlı faktlar və neftin ölçü vahidi kimi nə üçün barrel götürülür kimi sualları qısa şəkildə izah etməyə çalışacam.

    Neft hasilatı dünyanın müxtəlif regionlarında aparıldığına görə neft markaları keyfiyyəti və xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Qiymətlər də təbii ki, fərqli olacaq. Elnur Quliyev Xam neftin hazırda 200-ə yaxın növü var və birja platformalarında onların hamısını eyni zamanda texniki cəhətədən göstərmək mümkün deyil. Bu səbəbdən beynəlxalq birjalarda təqdim edilən neft markaları bir növ etalon hesab edilir. Misal üçün, Avropa İttifaqı və Asiya regionu üzrə etalon neft markası Brent Crude Oil (Brent), Amerika üçün isə West Texas Intermediate (WTI) hesab olunur. OPEC-ə üzv ölklələr üçün etalon neft markası OPEC BASKET qəbul edilib. OPEC-in “neft səbəti”-də hər ölkə yalnız bir neft markası: Səudiyyə Ərəbistanı-Arab light; İraq-Basrah light; Nigeriya-Bonny light; Liviya- Es Sider; Anqola-Girassol; İran-İran Heavy; Küveyt-Kuwait Export; Qatar-Marine; BƏƏ-Murban; Ekvador-Oriente; Əlcəzair-Saharah Blend ilə təmsil olunur. Neft üzrə bu markalar birjalarda ən yüksək bazar likvidliyinə malikdir. Faktiki olaraq neftin birja dəyəri onun ən obyektiv qiyməti hesab olunur.

“Azeri Light” neft markası

    “Azeri Light” – Azərbaycana aid “Azəri” və “Çıraq” neft yataqlarından hasil edilən neftin ticarət markasıdır və 1997-ci ildə yaradılıb. İlk dəfə dünya neft bazarına 1999-cu ilin aprel ayında Bakı-Supsa neft kəməri ilə çıxarılıb.azeri light Beynəlxalq standartlara əsasən böyük həcmdə nefti dünya bazarına çıxaran ölkə sertifikat almalıdır. Sertifikatlaşma zamanı isə neftin kimyəvi tərkibi əsas götürülür. Çünki neftin qiyməti onun kimyəvi tərkibi və texiniki göstəricilərinə əsasən müəyyən edilir. “Azeri Light” (Azəri layt) neft markası hazırda yüksək keyfiyyətli xam neft hesab olunur. Amerika neft institutunun qatılıq dərəcəsi göstəricisi üzrə 34,8°-35,5° qatılığa malikdir, tərkibindəki  kükürdun miqdarı isə 0,14 faizdir ki, bu da onun yüngül, qatışıqsız neft olmasını təmin edir. Bundan əlavə, “Azeri Light” markasının yüksək keyfiyyətli neft olmasını təmin edən daha bir göstərici tərkibindəki ümumi turşuluq miqdarının (ÜTM) 0,25mg KOH/qram olmasıdır. Xam neftin ÜTM göstəricisi, nümunə üçün götürülmüş bir qram nefti neytrallaşdırmaq üçün neçə milliqram KOH tələb olunduğunu müəyyənləşdirir. Neftin tərkibindəki turşululuğun miqdarı neft emal prosesləri və əməliyyatlarına əhəmiyyətli dərəcədə təsiri (iqtisadi və texniki) var. Bu səbəbdən “Azeri Light” markası üçün bu cür texniki göstəricilər böyük üstünlükdür.

    “Azeri Light”-ın keyfiyyətcə “Brent” və “WTI” markalarından üstün olmasına baxmayaraq hazırda dünya neft bazarında daha ucuz satılır və bunun əsas səbəbi bu neftə olan tələbin aşağı düşməsidir. Məlum olduğu kimi sıxlığı və tərkibində kükürdün miqdarı az olan neft yanacaq istehsalçıları üçün daha əlverişlidir. Xüsusən də benzin neft markasi -istehsalı zamanı tərkibində kükürdün miqdarı daha aşağı olan neft markaları daha sərfəli olur. Bu səbəbdən “Azeri Light” hər zaman “Brent” və “WTI” markalarından baha satılıb. Lakin, son 2 ay ərzində dünyada sürətlə yayılan COVİD-19 virusina görə böyük əksəriyyət ölkələrdə hava, su və avtomobil nəqliyyatının hərəkətinə məhdudiyyətlər qoyulub. Bu səbəbdən də yanacağa olan tələb aşağı düşüb. Yanacağa olan tələbin aşağı düşməsi isə “Azeri Light” kimi yüksək keyfiyyətli neft markasına tələbatı azaldıb. “Azeri Light” (Azeri LT CIF) neft markası beynəlxalq birjalarda ticarət olunmur və konkret alıcıları var. Odur ki, “Azeri Light”-ın qiymətini oilprice.com, investing.com və ya digər mənbələrdən axtarmaq üçün vaxt itirməyin. Bunun üçün əsas mənbə Azərbaycanın Energetika Nazirlyinə məxsus olan minenergy.gov.az resursudur. Fevralın 1-də dəyəri 63 dollar olan Azərbaycan neftinin aprel ayında qiyməti 17-25 dollar ətrafında ticarət edilib. Aprelin 10-u “OPEC+” ölkələrinin imzaladıqları “Əməkdaşlıq Bəyannaməsi”-nə əsasən mayın 1-dən 2022-ci ilin aprel ayınadək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması razılaşdırılıb. Bununla da gündəlik neft hasilatı mayın 1-dən 9.7 milyon, iyunun 1-dən 2020-ci ilin dekabr ayınadək 7.7 milyon və növbəti 2022-ci il 30 aprel tarixinədək 6 milyon barrel azaldılması qərara alınıb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan da müvafiq olaraq hasilatı gündəlik 164 min, 131 min və 98 min barrel azaltmaq öhdəliyi götürüb.

     Gündəlik neft hasilatının azaldılması ümumilikdə neft bazarında qiymətlərin xaotik ucuzlaşmasının qarşısını alsa da Azərbaycan neftinin qiymətinə müsbət təsirini gözləmək hələ ki, çox tezdi. Nəzərə almaq lazımdır ki, “Azeri Light” beynəlxalq birjalarda ticarət olunmur və əsas alıcılar olan İtaliya, Çin, İsrail, Almaniya, İspaniya və Fransada hazırda pandemiya ilə əlaqədər iqtisadi vəziyyət gərgin olaraq qalmaqdadır. Odur ki, yaxın 1 il ərzində Azərbaycan neftinin qiymətinin yenidən 70 dollardan yuxarı qalxması real deyil. Mövcud makroiqtisadi vəziyyət və yanacağa tələbatın aşağı olması buna imkan verməyəcək. Xatırladım ki, “Azeri Light” neft markasının indiyə qədər ən yüksək qiyməti 149.6 dollar (2008, iyul), minimum qiyməti isə 15.81 dollar (2020, aprel) olub.

    Məlumat üçün qeyd edim ki, emal prosesi zamanı 1 barrel “Azeri Light” markalı netfdən 16 litr benzin, 32 litr dizel yanacağı, 24 litr təyyarə yanacağı, 1 litr qaz, 6 kq neft koksu, 83 litr mazut, 1.5 kq kömür, 12 balon propan, tort üçün 170 şam, 1 litr motor yağı almaq mümkündür.

   Neft niyə barrel ilə ölçülür?    

     Dünya bazarında neftin ölçü vahidi kimi barrel ilə götürülməsi səbəbsiz deyil və əsaslı izahı var. Barrel Azərbaycan dilində çəllək mənasını verir və 159 litrə (daha dəqiq 158,987 litr) bərabərdir. XIX əsrin ortalarında dünyada neft istehsalı və satışının böyük bir vüsət aldığı zamanda neft hasilatının uçotunun aparılması və müxtəlif ölçülü qablarda satılması hesabatlar zamanı böyük çətinliklər yaradırdı. barrelsBu səbəbdən 1866-cı ildə neft sənayeçiləri Pensilvaniyanın Tirusvil şəhərciyində görüşərək netfin istehlakçılara çatdırılması üçün standart ölçülü qabların yaradılmasını müzakirə edirlər. Burada neftin 1 barrelinin ölçüsü 42 qallon olması qərarlaşdırılır. Ona görə ki, 18-ci əsrdən başlayaraq Pensilvaniyada çaxır, yağ, sabun, balıq və digər müxtəlif məhsulların daşınması üçün 42 qallonluq taxta çəlləklərdən ticarətdə istifadə olunurdu. Həm də, belə ölçülü çəlləkləri çox da ağır olmadığına görə bir nəfər işçi asanlıqla daşıya bilirdi və onları gəmi və ya dəmiryolu platformalarında boşaltmaq və yükləmək çox rahat idi. Bu səbəbdən də 42 qallonluq çəlləklərin standart ölçü vahidi kimi qəbul olunması sənayeçilər üçün məntiqli və uyğun bir variant idi. 1872-ci  ildə Amerikanın  Neft  Sənayeçiləri Assosiasiyası rəsmi şəkildə 42 qallonluq çəlləyi – barreli neftin ölçü standartı kimi təsdiqləyir.

  1 BARREL = 42 QALLON = 159 LİTR = 0.1364 TON

     Hazırda neft və neft məhsulları iri tankerlər və borular vasitəsilə nəql edilir lakin barrel ölçü vahidi kimi dünya neft ticarətində qalmaqdadır. Bu zaman sual yarana bilər ki, niyə görə neft sənayəsində dünyada daha çox tanınan çəki ölçü vahidi olan ton-dan istifadə edilmir? Ton-un ölçü vahidi kimi neft hesablamalarında qeyri populyar olmasının əsas səbəbi neftin müxtəlif növlərinin fəqrli sıxlıqlarda olmasıdır. Sıxlıq göstəriciləri fəqrli olduğuna görə eyni həcmdə olan neftin fərqli növləri fəqli çəkidə olurlar. Misal üçün, 1 barreldə həcm miqdarı dəqiq bilindiyi təqdirdə, 1 ton-da həcm miqdarı neftin növündən aslı olaraq dəyişir. Həmçinin nəzərə almaq lazımdır ki, neft məhsulları tanker, sistern və boru kəmərləri ilə nəql edilir və bu səbəbdən qara qızılın çəki ilə deyil həcm ilə ölçülməsi və hesabların aparılması daha rahat və düzgündür.

Müəllif:  Elnur Quliyev

 

DeFi maliyyəsi nədir?

Azərbaycanda dövlətin maliyyə dəstəyi mexanizmləri

Azərbaycanda kredit faizlərinin yüksək olmasının əsas səbəbləri

Elnur Quliyev: Kriptovalyuta sektorunun tənzimlənməsi qaçılmazdır!

2 comments

Leave a Reply