Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) – neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi məqsədli dövlət qurumudur. ARDNF-nin təsis edilməsinin əsas məqsədi ölkəmizin neft sərvətlərinin səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaratmaqdan ibarətdir. ARDNF 1999-cu ildə təsis edilmiş lakin əməli fəaliyyətə 2001-ci ilin iyun ayında başlamışdır.
ARDNF-nin qarşına qoyulan mühüm vəzifələr:
- Ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi;
- Ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi;
- Neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması.
ARDNF-nin büdcə gəlirləri aşağıdakı vəsaitlər hesabına formalaşır:
- hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq Azərbaycan Respublikasının payına düşən neft və qazın satışından əldə edilən xalis gəlirlər,
- bonuslar, akrhesabı ödənişlər, dividendlər,
- neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər,
- sərmayəçilər tərəfindən verilən aktivlərdən əldə edilən gəlirlər,
- Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər.
31.03.2020 tarixli hesabata əsasən ARDNF-un vəsaitlərinin ümumi həcmi 41.3 milyard dollar təşkil edir.
ARDNF-nin investisiya portfelinin aktivlər üzrə bölgüsü: İstiqrazların 37.8% hissəsi 1 ilə, 49.3%-i 1-5 ilə, 12.9%-i isə 5 ildək müddətə malikdir. İstiqrazlara yatırılan vəsaitlərin 58%-i AAA reytinqli, 12%-i AA reytinqli, 19,2%-i A, 9.4%-i isə BBB reytinqli qiymətli kağızlardadır.
ARDNF-nin vəsaitlərinin coğrafi bölgüsü üzrə 33.16%-i Avropa, 33.06%-i Asiya və 27.22%-i isə ABŞ-ın payına düşür.
ARDNF-nin vəsaitləri 10 valyutada saxlanılır.
Müəllif: Elnur Quliyev