FATCA – Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act) ABŞ Konqresi tərəfindən 18 mart 2010-cu il tarixində qəbul edilmiş və 1 yanvar 2013-cü il tarixindən qüvvəyə minmişdir. Bu Akt ABŞ vətəndaşları və digər vergi ödəyicilərindən onların başqa dövlətlərdə olan maliyyə hesabları haqqında, xarici maliyyə institutlarından özlərinin bu cür müştəriləri haqqında məlumatların ABŞ-ın Daxili Gəlirlər İdarəsinə (İRS) açıqlanmasını tələb edir. FATCA-nın əsas məqsədi ABŞ vergi ödəyiciləri tərəfindən vergidən yayınmaya qarşı mübarizə və federal vergi gəlirlərinin artırılmasıdır.

FATCA-ya əsasən, ABŞ vergi ödəyiciləri hesab olunan şəxslər xarici hesabları və digər maliyyə aktivləri barədə məlumatları ABŞ vergi bəyannaməsi ilə birlikdə İRS-ə təqdim etməlidir. Banklar da daxil olmaqla, xarici maliyyə institutları isə ABŞ Daxili Gəlirlər İdarəsinə (İRS) onlarda hesab açmış ABŞ vergi mükəlləfləri barədə məlumatları, o cümlədən, onların adları, vergi identifikasiya nömrələri, ünvanları, hesab qalıqları, hesaba daxil olan və hesabdan çıxan ödənişlər barədə məlumatları verməlidirlər. İstənilən dövlətin qanunun tələblərinə əməl etməyən, yəni İRS-lə əməkdaşlıq etməyən maliyyə institutlarını 2014-cü ilin 1 iyul tarixindən başlayaraq ciddi sanksiyalar gözləyir və onlara ABŞ-dakı və FATCA-ya əməl etmək öhdəliyini qəbul etmiş digər dövlətlərdəki maliyyə institutlarında olan müxbir hesablar vasitəsilə edilən ödənişlərdən müxbir hesabın yerləşdiyi maliyyə institutu tərəfindən ödəmə mənbəyində 30% vergi tutularaq İRS-ə köçürülməlidir.
Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (FATCA) tələblərinin həyata keçirilməsi barədə Saziş 9 sentyabr 2015-ci il tarixində imzalanmış və Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir. Yeni prosedurların tətbiqi nəticəsində ABŞ fiziki və hüquqi şəxsləri ilə əlaqədar toplanmış məlumatlar illik əsasda Azərbaycan Respublikası Vergilər Nazirliyi vasitəsilə Amerika Birləşmiş Ştatları vergi orqanlarına (“IRS”) təqdim edilir ki, bunun əsasında IRS hesabatda göstərilən şəxslərin Amerika Birləşmiş Ştatları vergi qanunvericiliyinə əsasən vergi öhdəliklərinin düzgün icra etməsini yoxlayır. Sazişə əsasən mövcud hesab sahiblərinin, habelə yeni müştərilərin FATCA üzrə statusu aydınlaşdırılmalı, yəni onların ABŞ şəxsi olub-olmaması yoxlanmalıdır. Qeyd olunan status müştəri tərəfindən müvafiq sorğu anket formasının, habelə W-8BEN, W-8BEN-E, və ya W9 formalarının doldurulması yolu ilə həyata keçirilir. W-8BEN, W-8BEN-E və W9 formaları ABŞ səlahiyyətli dövlət orqanları tərəfindən hazırlanmışdır və Azərbaycan Respublikası Vergilər Nazirliyinin yazılı göstərişinə əsasən həyata keçirilir. FATCA ilə bağlı ətraflı məlumatı İRS-in internet səhifəsindən (www.irs.gov/FATCA) və ya Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi səhifəsindən (http://old.taxes.gov.az/modul.php?name=beynelxalq&cat=92) əldə etmək mümkündür.

Müəllif: Elnur Quliyev
