22 may dünyada kriptovalyuta həvəskarları tərəfindən Bitcoin Pizza Day (Bitkoin Pizza Günü) kimi qeyd olunur. Bu tarix ilk baxışda adi bir pizza alış-verişi kimi görünsə də, əslində Bitcoin-in real iqtisadiyyatda istifadə olunduğu ilk sənədləşdirilmiş əməliyyat kimi tarixə düşüb. Bu hadisə sonradan qlobal maliyyə sistemində yeni bir dövrün başlanğıcının simvoluna çevrildi.
Hadisə necə baş verdi?
2010-cu ilin may ayında ABŞ-da yaşayan proqramçı və kriptovalyuta həvəskarı olan Laszlo Hanyecz “BitcoinTalk” internet forumunda maraqlı bir təklif paylaşdı. O, iki böyük pizza sifariş etmək istəyirdi və bunun qarşılığında 10.000 Bitcoin (BTC) ödəməyə hazır olduğunu bildirdi. Mayın 22-də forum istifadəçisi Jeremy Sturdivant (“jercos” ləqəbi ilə) təklifi qəbul etdi. 19 yaşlı tələbə Jeremy Papa John’s restoranından təqribən 41 dollara iki pizza sifariş edib Laszlonun evinə göndərdi. Beləliklə, tarixdə ilk dəfə bitcoin fiziki bir məhsul almaq üçün istifadə edildi.

Niyə bu qədər vacib hesab olunur?
Bu əməliyyatdan əvvəl bitcoin əsasən texniki eksperiment və ya rəqəmsal maraq obyekti kimi qəbul edilirdi. Pizza alış-verişi isə göstərdi ki, bitcoin yalnız kompüter kodundan ibarət deyil, həm də real iqtisadi dəyərə malikdir. Bu hadisə aşağıdakı səbəblərə görə dönüş nöqtəsi hesab olunur:
- Bitcoin-in ilk real kommersiya istifadəsi oldu;
- Kriptovalyutanın mübadilə vasitəsi kimi potensialını nümayiş etdirdi;
- Rəqəmsal aktivlərin gündəlik iqtisadiyyata inteqrasiyasının başlanğıcı oldu.
10.000 Bitcoin bu gün nə qədər edərdi?
2010-cu ildə həmin iki pizzanın dəyəri təxminən 41 ABŞ dolları idi. Lakin Bitcoin-in sonrakı illərdə sürətlə bahalaşması nəticəsində bu 10.000 BTC dünyanın ən məşhur “bahalı pizza” hekayəsinə çevrildi. Hazırda 1 BTC 78.000 dollar ətrafında ticarət olunur.
Laszlo Hanyecz və Jeremy Sturdivant peşman olubmu?
Laszlo Hanyecz sonrakı müsahibələrində bu əməliyyata görə peşman olmadığını bildirib. Onun fikrincə, əgər həmin əməliyyat baş verməsəydi, Bitcoin-in real iqtisadi dəyəri sübut edilməyə bilərdi. O, qeyd edib ki: “Bitcoin ilə bir şey almaq mümkün olduğunu göstərmək mənim üçün daha vacib idi.” Daha maraqlı məqam isə odur ki, Jeremy Sturdivant həmin 10.000 BTC-ni illərlə saxlamayıb. Sonradan verdiyi müsahibələrə görə, o, bitcoinləri qısa müddət sonra xərcləyib və əsasən səyahətlər üçün istifadə edib. Əgər Jeremy Sturdivant həmin 10.000 BTC-ni bu günə qədər saxlasaydı, onun sərvəti təxminən 1 milyard dollar səviyyəsində olardı. Lakin o, sonradan bildirib ki, bu hadisənin bir hissəsi olmaqdan qürur duyur və həmin dövrdə Bitcoin-i investisiya kimi deyil, istifadə edilən rəqəmsal pul kimi görürdü. Kripto tarixində həm Laszlo, həm də Jeremy “itirən tərəf” kimi deyil, Bitcoin-in real pul kimi istifadə oluna biləcəyini sübut edən ilk pionerlər kimi xatırlanırlar. Bu əməliyyat olmasaydı, bəlkə də Bitcoin-in kütləvi qəbul prosesi daha gec başlayacaqdı.

“Bitcoin Pizza Day” necə qeyd olunur?
Hər il 22 may tarixində:
- Kriptovalyuta icmaları xüsusi tədbirlər keçirir;
- Birjalar və blokçeyn şirkətləri kampaniyalar təşkil edir;
- Sosial şəbəkələrdə #BitcoinPizzaDay həştəqi trend olur;
- Bir çox kripto investorlar simvolik olaraq pizza sifariş edirlər.
Bu gün artıq yalnız bir pizza alış-verişinin ildönümü deyil, həm də blokçeyn texnologiyasının və rəqəmsal maliyyənin inkişaf tarixinin simvoludur. Bitcoin Pizza Day bizə göstərir ki, texnologiyada böyük inqilablar çox vaxt kiçik addımlarla başlayır. 22 may 2010-cu ildə alınan iki pizza sonradan yüz milyardlarla dollarlıq kriptovalyuta bazarının formalaşmasının simvoluna çevrildi. Bu hadisə həm innovasiyanın, həm də yeni texnologiyaların ilk mərhələlərdə nə qədər qeyri-adi görünə biləcəyinin ən maraqlı nümunələrindən biri hesab olunur.
Azərbaycanda “Bitcoin Pizza Day” ilk dəfə “Blockchain Azərbaycan Mərkəzi”-nin (BAM) təşkilatçılığı ilə 22.05.2018 tarixində keçirilib. Həmin vaxt 1 bitcoin təxminən 8.500 dollar idi. Tədbirin keçirilməsində əsas məqsəd blockchain, kriptovalyutalar ilə maraqlanan şəxsləri bir araya toplayaraq, tanışlıq və müzakirələrin aparılmasını təmin etmək idi. Tədbir zamanı BAM-ın təsisçiləri Osman Gündüz, Telman Axundov, Elnur Quliyev və Orxan Əhmədov tərəfindən açılış və tanıtım çıxışları edilmişdir. Dövlət və özəl sektor nümayəndələrinin, eləcə də kriptovalyuta həvəskarlarının iştirakı ilə blockchain texnologiyalarının inkişaf perspektivləri, kriptovalyutaların gələcəyi və bu sahədə qlobal tendensiyalar ətrafında geniş müzakirələr aparılmış, interaktiv sual-cavab sessiyaları təşkil olunmuşdur. Tədbirin sonunda iştirakçılar qeyri-rəsmi ünsiyyət və şəbəkələşmə (networking) mühitində bir araya gələrək Bitcoin Pizza Day ənənəsinə uyğun olaraq birlikdə pizza süfrəsi ətrafında görüşü davam etdirmişlər. Tədbir barədə qısa videoya bu linkdə baxa bilərsiniz.
Müəllif: Elnur Quliyev
