Yaponiyanın Virtual Valyuta Mübadiləsi Birliyi (JVCEA) yanvarın 19-u “Enjin Coin”-nin Yaponiya birjalarında ticarət olunmasına icazə verdi. Bununla da, Enjin Coin (ENJ) JVCEA tərəfindən Yaponiyada qanuni olaraq ticarətinə icazə verilən ilk oyun kriptovalyutası oldu. 26 yanvardan etibarən Enjin Coin yapon birjası olan Coincheck-də ticarət olacaq və yapon yeni ilə alınıb bitcoin ilə mübadilə edilə bilinəcək. Bu xəbərdən sonra Enjin Coin 71% dəyər qazanaraq 0.41 dollara yüksəldi. Hazırda bu kriptovalyutanın bazar kapitalizasiyası 336 milyon dollardır və CoinMarketCap.com-da 75-ci yerdədir.
Enjin Coin (ENJ) – bir-biri ilə əlaqəli blockchain əsaslı oyun məhsullarının ekosistemini təmin edən Enjin şirkətinin layihəsidir. ENJ Binance, UpBit, CoinTiger, ZG.com birjalarında ticarət olunur və ümumi sayı 1.000.000.000 ədəddir. Yapon birjalarında ticarət etmək istəyən layihələr-kriptovalyutalar əvvəlcə ciddi yoxlamadan keçməlidir, bu səbəbdən Yaponiyanın ilk və ən iri birjası olan Coincheck-də hazırda yalnız 15 kriptovalyuta ticarət olunur. Hesab edirəm ki, Enjin Coin yaxın gələcəkdə qiymətində kəskin artımı üçün kifayət qədər ciddi potensialı var və bu aktivə investisiya etməyə dəyər.
Xatırladım ki, 2018-ci ilin aprel ayında Yaponiyanın 16 kriptovalyuta birjası ölkədə investorların maraqlarının qorunması və sektor üzrə təhlükəsizlik standartlarının yaradılması məqsədi ilə JVCEA (Japan Virtual Currency Exchange Association) adlı assosasiyasını yaratdılar. Yaponiya Maliyyə Xidmətləri Agentliyi (FSA) JVCEA-nın fəaliyyətini analiz etdikdən sonra 2018-ci ilin oktyabr ayında ona “mübahisələrin həlli üçün sertifikatlaşdırılmış biznes assosasiyası” statusunu verib. Bununla da, Yaponiyada kriptovalyuta sektorunu tənzimləyən qaydaları müəyyən edən yeganə qurum JVCEA oldu.
Müəllif: Elnur Quliyev


