Dünyanın ən iri investisiya şirkəti olan BlackRock bitcoin fyuçers müqavilələri ilə ticarət etmək üçün ABŞ-ın Qiymətli Kağızlar və Birjaları üzrə Komissiyasına (SEC) müraciət ünvanlayıb. Müraciətə əsasən BlackRock-un strukturuna daxil olan 2 fond – BlackRock Funds V və BlackRock Global Allocation Fund yalnız ABŞ-ın Əmtəə Fyuçersləri Ticarət Komissiyası (CFTC) tərəfindən ticarətinə icazə verilən bitcoin fyuçerslərinə (məsələn: Bitnomial, Cboe, Bakkt, ErisX, CME) investisiya etməyi nəzərdən keçirir.
BlackRock – ümumi dəyəri 7.81 trilyon dollar olan investisiya portfelini idarə edir. BlackRock CEO-su Larry Fink 2018-ci ildə fondun müştəriləri üçün kriptovalyutaların leqal aktiv olmayana qədər bitcoin-ə maraqlı olmadığını desə də, 2020-ci ildə kriptovalyuta bazarının qlobal olacağını açıqlamışdı. BlackRock-un baş investisiya direktoru Rick Rieder isə bitcoin-in qanuni aktiv sinifinə çevrilməyə yaxın olduğunu və onun bir aktiv kimi qızıl üzərində üstünlüklərini etiraf etmişdi. CNN Business-in verdiyi məlumata əsasən BlackRock hazırda 70.784 BTC-yə sahib olan MicroStrategy şirkətinin 15.24% payına malikdir.

