Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və “AzPul” MMC bank olmayan kredit təşkilatı (BOKT) arasında biometrik texnologiya əsasında şəxsin kimliyini müəyyən edərək, həmin şəxsin sorğusu əsasında e-imza sertifikatlarının verilməsi həlli ilə bağlı mayın 26-sı müqavilə imzalanıb. Müqaviləyə əsasən, BOKT “AzPul” MMC tərəfindən kiçik həcmli kreditlər verilərkən vətəndaşın şəxsiyyəti real vaxt rejimində biometrik eyniləşdirmə vasitəsilə müəyyənləşdiriləcək və ona kredit müqaviləsini imzalamaq üçün birdəfəlik elektron imza sertifikatı təqdim ediləcək.
Qeyd olunan həll üztanıma və açıq açar texnologiyasını özündə birləşdirir. Bu texnologiyadan istifadə edərək elektron imza tələb olunan istənilən əməliyyatı məsafədən, onlayn formada aparmaq mümkündür. Biometrik texnologiyaya əsaslanan bu həll vasitəsilə aparılan bütün əməliyyatlar avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Həllin təhlükəsiz, avtomatlaşdırılmış və operativ olması istifadəçilərlə yanaşı, xidmət təklif edən qurumlar üçün də böyük üstünlüklər yaradır. Belə ki, bu həll tərəfdaşlara öz xidmətlərinin inkişaf etdirilməsi üçün aşağıdakı imkanları verir:
- Real vaxt rejimində müştərinin elektron imza sertifikatı əldə etməsi;
- Məkandan və zamandan asılı olmadan xidmətdən istifadə;
- Saxtakarlıq hallarının qarşısının alınması (şəxsin xəbəri və iştirakı olmadan adına əməliyyat aparılması mümkünsüzdür);
- Sistemin istənilən cihaza inteqrasiyası;
- Real vaxt rejimində məlumatların əldə edilməsi.
Azərabaycan vətəndaşları AzPulMat özünəxidmət terminalından şəxsiyyət vəsiqəsini və barmaq izini daxil etməklə minimal 20 manat məbləğində kredit götürmək imkanı əldə edəcəklər. Həmin borc 5 gün ərzində 21 manat (+5% ilə) şəklində geri qaytarıldığı zaman, növbəti mərhələdə yenidən 40 manat kredit verilə bilər. Kredit məbləğini bu şəkildə 1000 manata kimi artırmaq mümkündür. Kredit götürən zaman bütün məlumatları daxil etdikdən sonra mobil nömrənizə xüsusi şifrə göndərilir və bundan sonra şifrəni yazıb, pulu çəkmək olur. Eyni nömrə, şəxsiyyət vəsiqəsi ilə borcu qaytarmadan növbəti krediti almaq mümkün deyil.
Məlumat üçün qeyd edək ki, 2019-cu ilin noyabr ayında Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda Mərkəzi Bank) nağd pul vəsaitinin verilməsi (kredit) məqsədilə quraşdırılmış “Azpulmat” terminalların fəaliyyətini dayandırmışdı. Aparılmış monitorinqlər zamanı müəyyən edilmişdir ki, “Azpulmat” terminalları fiziki şəxslərdən fərdi məlumatlar, o cümlədən biometrik məlumatlar toplanılaraq onlara nağd pul vəsaiti təqdim edir. Göstərilən xidmət çərçivəsində fiziki şəxslərdən fərdi məlumatların, habelə biometrik məlumatların toplanılması “Fərdi məlumatlar haqqında” və “Biometrik informasiya haqqında” Azərbaycan Respublikasının Qanunları ilə tənzimlənməlidir. Belə ki, “Fərdi məlumatlar haqqında” Qanunun (Qanun) 15.1-ci bəndinə əsasən fərdi məlumatların informasiya sistemləri Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində dövlət qeydiyyatından keçməlidir. Həmçinin, “Biometrik informasiya haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 28 oktyabr 2008-ci il tarixli 7 nömrəli Fərmanına əsasən bu qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəyləri nəzərə alınmaqla, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir. Qanunun 2.2-ci maddəsinə əsasən isə biometrik məlumatlar fərdi məlumatların tərkib hissəsi olmaqla onların toplanılması, işlənilməsi və mühafizəsi qaydası müvafiq qanunla müəyyən edilir.




