Ukrayna kriptovalyutaları leqallaşdırmağa hazırlaşır

Ukrayna kriptovalyutaları leqallaşdırmağa hazırlaşır və bunun üçün müvafiq qanun layihəsi artıq ölkə parlamentində (Ali Rada) ikinci oxunuşa hazırlanır. Kriptovalyutalarla əməliyyatlarının tənzimlənməsi, kriptovalyta birjalarının fəaliyyəti, kriptovalyuta mayninqi, vergilərin hesablanması və digər sualları Rəqəmsal Transformasiya Nazirinin İT inkişafı üzrə müavini Aleksandr Bornyakov (Александр Борняков) ölkədə kriptovalyuta fəaliyyətini tənzimləməsinə yönəlmiş “Virtual aktivlər haqqında” qanun layihəsinin təfərrüatları barədə müsahibəsi zamanı açıqlayıb. Onun sözlərinə əsasən yeni qanun layihəsi virtual aktivləri leqallaşdıracaq və ölkədə malların kriptovalyuta ilə ödənilməsi, saxlanılması və mübadiləsi üçün ayrıca vasitəçi xidmətləri bazarı yaranacaq. Kriptovalyuta sahibləri qanuni olaraq kripto aktivlərini dəyişdirə və deklarasiya edə biləcəklər. Qanun layihəsi kriptovalyutaların saxlanması və mübadiləsi üçün xidmət göstərən vasitəçilərin fəaliyyətini tənzimləyəcək, eyni zamanda virtual aktivlərin sahiblərinin müdafiəsini gücləndirəcək. Kriptovalyuta birjalarından ölkədə qeydiyyatdan keçmək və ya hər hansi lisenziya almaq tələb olunmayacaq. Birjalar Ukraynada fəaliyyət göstərmələri üçün sadəcə iş icazəsi almaq tələbi qoyulacaq və bu prosedur olduqca asan olacaq.

Aleksandr Bornyakov: “Virtual aktivlər Ukraynanın və bütün dünyanın gələcəyidir. 10-15 ildən sonra bir çox ölkələr kağız pullardan tamamilə imtina edə biləcəklər. Kriptovalyuta Ukraynada rəsmi ödəniş vasitəsi olmayacaq. Bununla belə, vətəndaşlar mal və ya xidmət üzrə kriptovalyuta ilə ödəniş etdiyi zaman vasitəçi operator şirkətlər rəqəmsal aktivi milli valyutaya konvertasiya edərək ödənişləri həyata keçirmək imkanı əldə edəcəklər. Biz istəyirik ki, virtual aktivlər ilə aparılan əməliyyatlara əlavə dəyər vergisi (ƏDV) tətbiq edilməsin. Kriptovalyutalarla edilən əməliyyatlardan əldə edilən gəlirdən verginin alqı-satqı dəyərləri arasındakı fərqdən tutulmasını istəyirik. Belə bir vergi dərəcəsinin 5% olmasını təklif edirik. Ancaq hələlik fikirlərimiz Maliyyə Nazirliyi və Ali Radanın vergi siyasəti komitəsi ilə müzakirə etdiyimiz təkliflər səviyyəsində qalır.”

“Virtual Aktivlər haqqında” qanun layihəsində kriptovalyuta mayninqi (mədənçilik) haqqında heç bir məlumat qeyd edilməyib. A.Bornyakov bunu əlavə hüquqi tənzimləməyə ehtiyacı olmayan qanuni fəaliyyət adlandırıb. Bir şəxsin öz kompüterində işləməsini və hesablama əməliyyatları aparmasını qadağan etmək yersizdir. A.Bornyakov: “Kriptovalyutanın qanuniliyini başa düşmələri üçün hüquq-mühafizə orqanlarının əməkdaşları ilə işləməli olacayıq. Hazırda təhlükəsizlik qüvvələri tərəfindən mayninq fermalarında aparılan yoxlamalar çox vaxt şirkətləri “razılaşmağa” məcbur etməyə istiqamətlənmiş açıq manipulyasiyadır”.

“Virtual Aktivlər haqqında” qanun layihəsi yeni bir tənzimləyici orqanın – virtual aktivlərin dövriyyəsinin tənzimlənməsi üzrə Milli Xidmətin yaradılmasını nəzərdə tutur. Bu orqan kriptovalyuta şirkətlərinin Ukraynada fəaliyyətinə icazə verəcək. Bundan əlavə, virtual aktivlərin təminatsız və təminatlı olaraq təsnif edilməsi də təklif olunub. Stabilkoinlər və valyutalar ilə təmin olunmuş rəqəmsal aktivlər Mərkəzi Bank tərəfindən tənzimlənəcək. Qiymətli kağızlar ilə təmin edilmiş virtual aktivlər isə Ukraynanın Qiymətli Kağızlar və Birjalar üzrə Milli Komissiyası tərəfindən tənzimlənəcək.

Müəllif:  Elnur Quliyev

Leave a Reply