Mirzə Əliyev: Toxumçuluqda blokçeyn texnologiyası istifadə ediləcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı ilə sentyabrın 3-ü Şəki şəhərində toxum sərgi-satış yarmarkası keçirilib. Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər. Sərgidə fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat verilib və informasiya materialları təqdim olunub. Bu tip yarmarkaların regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, “seleksiyaçı-toxumçu-istehlakçı” zəncirlərinin real qarşılıqlı əlaqəsinin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.

Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev tədbirdə çıxışı zamanı bildirib ki, cari ildə toxumçuluqda vacib yenilik – blokçeyn (blockchain) texnolgiyası əsasında hazırlanmış birkalanma sistemi tətbiq ediləcək. Hər bir toxum kisəsinin üzərində olan müvafiq birkalar vasitəsilə fermerlər məhsul və onun keyfiyyəti haqqında məlumatları əldə edəcəklər.

Leave a Reply