Azərbaycanda 25-ci “Beynəlxalq Biznes Forum”

Noyabrın 15-də Bakı Konqres Mərkəzində 25-ci Beynəlxalq Biznes Forum keçiriləcək. Beynəlxalq Biznes Forumunun (İBF- İnternational Business Forum) əsas məqsədi Azərbaycanın investisiya potensialını xarici sərmayədarlara tanıtmaqdır. Forumda 30-a yaxın ölkədən dövlət rəsmiləri, iş adamları, beynəlxalq təşkilatların, diplomatik korpusun, ticarət palatalarının və biznes assosiasiyaların nümayəndələri iştirak edəcək. Açılış mərasimində Azərbaycana investisiya qoyuluşu imkanlarına, xüsusilə də ölkəmizin kənd təsərrüfatı, sənaye, turizm sahələrində və Qarabağın investisiya potensialı, dövlət-özəl sektor tərəfdaşlığına (PPP) dair panellər, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq, əməkdaşlığa dair bir sıra sənədlər imzalanacaqdır. Forum çərçivəsində həmçinin iş adamları Bakıda və ölkə regionlarında bir sıra istehsal müəssisələrində iş prosesi ilə tanış olacaq, yerli sahibkarlarla əməkdaşlıq imkanlarına və investisiya qoyuluşuna dair müzakirələr aparacaqlar. Noyabrın 17-dək davam edəcək forumda ümumilikdə 500-ə yaxın xarici investor və iş adamının iştirakı nəzərdə tutulur.   

Beynəlxalq Biznes Forum 1995-ci ildə Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MUSİAD) tərəfindən təsis olunub və hər il müxtəlif ölkələrdə keçirilir. Forumun məqsədi ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsi, eləcə də post-COVID dövründə ölkələr arasında ticarət və iqtisadi tərəfdaşlığın canlandırılması, birgə təşəbbüslərin reallaşdırılmasıdır. 25-ci Beynəlxalq Biznes Forumun Bakıda keçirilməsi ilə bağlı bu ilin iyulunda KOBİA və İBF arasında Anlaşma Memorandumu imzalanıb. Forum Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, KOBİA, MUSİAD və İBF-in təşkilatçılığı ilə keçirilir. Forum “Azərbaycan: Asiyanın incisi” şüarı ilə təşkil olunur. 

Leave a Reply