Binance Rusiya Banklar Assosiasiyasına qəbul edildi

Ticarət dövriyyəsinə görə dünyanın ən iri kriptovalyuta birjası olan Binance Rusiya Banklar Assosiasiyasına (RBA) qəbul eidlib. RBA-nın Rəyasət Heyəti fevralın 17-si Binance birjasının assosiasiyaya daxil olmasını təsdiqləyərək rəqəmsal maliyyə aktivləri və rəqəmsal valyutalar üzrə ekspert mərkəzinin yaradılması barədə qərar verib. Ticarət platforması RBA-ya qoşulan ilk kriptovalyuta şirkəti oldu. Əsas məqsəd, Binance və federal hakimiyyət orqanları ilə rəqəmsal maliyyə aktivləri və rəqəmsal valyutalar sahəsində dialoqu təmin etmək və gələcək əməkdaşlıq istiqamətini inkişaf etdirməkdir.

Assosiasiyanın nəzdində fəaliyyət göstərən ekspert mərkəzi ölkədə rəqəmsal valyutaların dövriyyəsi ilə bağlı peşəkar əsaslandırılmış sənədlər və analitik materiallar hazırlayacaq, rəqəmsal aktivlərin tənzimlənməsi üzrə dünya təcrübəsinə dair materialları öyrənəcək və sistemləşdirəcək. Ekspert mərkəzinin rəhbəri vəzifəsinə Binance birjasının Rusiya və MDB ölkələri üzrə direktoru Olqa Qonçarova təyin edilib.

Binance-in Şərqi Avropa üzrə direktoru Qleb Kostarev: “Biz kriptovalyutanın tənzimlənməsi sahəsində qlobal transformasiya ərəfəsindəyik. Dünyanın ən böyük kriptovalyuta ekosistemi olan Binance birjası tənzimləyicilərlə işləməkdə möhkəm təcrübəyə malikdir. Biz, Rusiya Banklar Assosiasiyasına qoşulmaqdan məmnunuq və bu bizim üçün çox əhəmiyyətli bir addımdır. Əminəm ki, bizim təcrübəmiz Rusiyanın bank ictimaiyyəti tərəfindən müsbət qarşılanacaq.”

Müəllif: Elnur Quliyev

Leave a Reply