“Know Your Customer” (KYC) ingiliscə tərcümədə “öz müştərini tanı” mənasını verir və bankçılıq, birja fəaliyyətinin tənzimləməsi üzrə terminidir. KYC – çirkli pulların yuyulması (AML), terrorçuluğun maliyyələşdirilməsi və digər potensial hüquqpozmalar ilə bağlı riskli əməliyyatları müəyyən etmək üçün maliyyə təşkilatlarının tətbiq etdiyi tədbirlər kompleksidir. Əsas məqsəd maliyyə təşkilatının hər hansı əməliyyat həyata keçirməzdən əvvəl öz müştərisini identifikasiya (pasport və ya dgər rəsmi sənədlər əsasında) etməkdir. KYC prosedurları vasitəsilə maliyyə institutları və xidmət təminatçıları hər bir müştəri üçün risk səviyyəsini müəyyən edir.

KYC konsepsiyası ilk dəfə 2016-cı ildə ABŞ-da Xəzinədarlığın Maliyyə Cinayətləri Departamentinin (FinCEN) rəsmi sənədlərində qeyd edilib. KYC prosedurları maliyyə təşkilatlarına müştərilərini daha yaxşı başa düşməyə və əməliyyatlar üzrə riskləri izləməyə kömək etmək üçün nəzərdə tutulmuşdur. KYC prinsiplərinin həyata keçirilməsinə yönəlmiş tələblər və standartlar FATF, milli tənzimləyici orqanlar, beynəlxalq maliyyə qurumları və bank qaydaları səviyyəsində müəyyən edilir. Bununla belə, KYC üzrə müəyyən standartlar olsa da, müştəridən hansı məlumatların tələb olunacağına təşkilatlar özləri qərar verirlər. Məsələn, kriptovalyuta birjaları adətən tam ad, doğum tarixi, e-poçt, telefon nömrəsi, ölkə və yaşayış ünvanı, şəxsiyyət vəsiqəsini (xarici pasport, sürücülük vəsiqəsi və ya digər sənədlər) tələb edir. Anonimlikdən imtina etmək hesabına kriptovalyuta istifadəçiləri birjalarda rəqəmsal aktivlərini daha rahat formada fiat valyutalara konvertasiya etməyə imkanı qazanır və öz vəsaitləri üzrə müəyyən təhlükəsizlik təminatları əldə edirlər. KYC prosedurları, hesabdan nağd pulun çıxarılması və ya SMS-dən gələn koddan istifadə etməklə müştərinin şəxsiyyətinin yoxlanması ilə bağlı məhdudiyyətlər hesab edilə bilər.
Misal: Binance birjasında 2021-ci ilin sentyabr ayına qədər hesabın verifikasiya edilməsi mütləq tələb kimi qoyulmurdu. Bu tələb gündəlik birjadan məxaric limiti 2 bitcoin-dən çox olan hesablara şamil edilirdi. Lakin beynəlxlaq maliyyə tənzimləyicilərinin təzyiqi ilə Binance birjası da öz istifadəçilərinə KYC və AML standartlarını tətbiq etməyə başladı. Hazırda birjada KYC-ni keçməyən hesab üzrə heç bir əməliyyat aparmaq olmur.

Müəllif: Elnur Quliyev
