AniPay – Mərkəzi Bank tərəfindən yaradılmış və fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılmasına imkan verən sistemdir. Bu sistemindən “AniPay” mobil tətbiqi və ya müştərisi olduğunuz bankın internet bankçılıq xidməti vasitəsilə qeydiyyatdan keçib istifadə edə bilərsiniz. Siz FİN-i və ya mobil telefon nömrənizi daimi istifadə etdiyiniz bank hesabınızla əlaqələndirib “AniPay”-də qeydiyyatdan keçə bilərsiniz. “AniPay”-yə qoşulmaq ödənişsizdir və əməliyyat aparmaq yalnız manat ilə mümkündür. Əməliyyat sayına limit tətbiq edilmir. Büdcə, kommunal, rabitə, cərimə, sığorta və digər ödənişlərin vahid platformadan toplanılmasının təmin edilməsi məqsədilə yaradılmış Hökumət Ödəniş Portalı (HÖP) da “AniPay”-yə inteqrasiya edilib.
AniPay üzrə funksional imkanlar:

AniPay üzrə əsas üstünlüklər:

Hazırda 20 bank, “Azərpoçt” MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi AniPay platformasına inteqrasiya olunmuşdur. İstifadəçilər “AniPay” mobil tətbiqi (Android: http://bit.ly/3b78WQo və IOS: https://apple.co/3hXL17u), habelə bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərinin “AniPay” funksionallığı bölməsindən istifadə etməklə yükləyə bilərlər. “AniPay” mobil tətbiqi vasitəsi ilə təsərrüfat subyektləri və ictimai iaşə müəssisələrində mal və xidmətlərin dəyərinin “QR kod” vasitəsilə rahat və təhlükəsiz formada ödənilməsi mümkündür.
Ani Ödənişlər Sistemi nədir?
Ani Ödənişlər Sistemi (AÖS) – Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən yaradılmışdır. AÖS-ün yaradılmasında əsas məqsəd Azərbaycanda bank və digər bank olmayan ödəniş xidməti təchizatçılarının müştəriləri olan fiziki və hüquqi şəxslər arasında, həmçinin bu şəxslərlə dövlət orqanları arasında hesablaşmaların 24/7/365 rejimində aparıla bilməsinin təmin edilməsidir. Bu sistemdə aparılan hesablaşmalar 5-20 saniyə ərzində baş verir və əməliyyatlar üzrə autentifikasiya, avtorizasiya, klirinq vahid tranzaksiya formatında real rejimdə həyata keçirilir.
Hesablaşmalar iştirakçılar tərəfindən Real Vaxt Rejimində Banklarası Milli Hesablaşmalar sistemində (AZIPS) onların müxbir hesablarındakı vəsait çərçivəsində əvvəlcədən müəyyənləşdirilmiş likvidlik limitləri əsasında aparılır. İştirakçı təşkilatlar üçün qeyri-iş günlərində də likvidliyin idarə olunması üçün funksional imkan yaradılmışdır. AÖS-də əməliyyatlar milli (Azərbaycan Manatı – AZN) valyutada aparılır. Sistemdə hər bir ödəniş tranzaksiyasına 40.000 manat məhdudiyyət müəyyənləşdirilmişdir.

Müəllif: Elnur Quliyev
Mənbə: cbar.az
