22 may tarixi hər il kriptovalyuta cəmiyyətində “Bitcoin Pizza Day” kimi qeyd edilir. Hər il həmin gün dünya üzrə bitcoin sevənlər və ümumiyyətlə kriptoentuziastlar öz aralarında “Pizza Day” təşkil edərək görüşlər keçirir, bu hadisəni yada salır və sektor üzrə yenilikləri müzakirə edirlər.
“Bitcoin Pizza Day” tarixi
Amerikanının Florida ştatından olan Laszlo Hanyecz adlı proqramçı internetdə ilk dəfə olaraq bitcoin ilə pizza alaraq tarixə düşməyi bacarıb. Laszlo 2010-cu il mayın 21-i Bitcointalk forumunda ona 2 pizza sifariş edənə 10.000 bitcoin göndərəcəyini təklif edir. Həmin vaxt 1 bitcoin təqribən 0.003 dollara bərabər idi. Bir gün sonra yəni mayın 22-si Laszlo 2 pizza qarşılığında Jercos adlı istifadəçiyə 10.000 BTC göndərdiyini elan etdi və bu hadisə tarixdə bitcoin ilə ilk sövdələşmə kimi düşdü. Alışdan 2 ay sonra 10.000 BTC-nin qiyməti 600 dollar, 2010-cu ilin sonunda isə artıq 2400 dollar idi. Laszlo Hanyecz 8 ildən sonra 60 dollarlıq 2 ədəd pizza qarşılığında cəmi 0.00649 BTC ödəyərək alıb və bunu sosial şəbəkədə paylaşıb. Hazırda isə 10.000 BTC-nin 360 milyon dollar dəyəri var və bitcoin ilə 2010-cu ildəki ilk sövdələşmə tarixdə “ən bahalı pizza” kimi düşdü.


Azərbaycanda “Bitcoin Pizza Day” ilk dəfə Blockchain Azərbaycan Mərkəzi-nin (BAM) təşkilatçılığı ilə 22.05.2018 tarixində keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd blockchain, kriptovalyutalar ilə maraqlanan şəxsləri bir araya toplayaraq, tanışlıq və müzakirələrin aparılmasını təmin etmək idi. Tədbir barədə qısa videoya bu linkdə baxa bilərsiniz.
Müəllif: Elnur Quliyev
