İyulun 20-si açıqlanan maliyyə hesabatlarına əsasən elektrik avtomobil istehsalçısı Tesla İnc balansında olan bitcoin ehtiyatlarının 75%-ni satıb. Bu, Tesla-nın 2021-ci ilin üçüncü rübündən bəri etdiyi ilk bitcoin satışı idi. Hesabatda qeyd edilib ki, Tesla 2-ci rübdə sahib olduğu bitcoinlərin 75%-ni 936 milyon dollara konvertasiya edərək nağd pul balansına əlavə edib. Satışdan sonra şirkətin 218 milyon dollar dəyərində rəqəmsal aktivləri var. 31.12.2021 tarixinə bu rəqəm 1.26 trilyon dollar idi. Tesla-nın bitcoin satışı xəbəri elan olunduqdan sonra ilk kriptovalyuta 24.270-dən 22.600 dollara qədər dəyər itirdi. Böyük ehtimal var ki, bundan sonra da dəyər itirəcək.
Tesla-nın rəhbəri Elon Musk bu xəbəri şərh edərkən “Bitcoin ehtiyatlarımızın satmağımızın səbəbi, Çində “covid məhdudiyyətləri”-nin nə vaxt yüngülləşəcəyini bilməməyimiz idi. Ona görə də bizim üçün nağd pul mövqeyimizi maksimuma çatdırmaq vacib idi” deyib.
Dünyanın aparıcı ölkələrininin iqtisadiyyatlarında inkişaf tempinin yavaşlaması və ehtimal ki, yaxın 1 il ərzində tənəzzülə doğru irəliləməsi, investorlar və şirkətlər üçün kapitalı riskli və daha volatil aktivlərdən fiat valyutalara konvertasiya etməyə məcbur edir. Teslanın ikinci rübdəki mənfəəti birinci rüblə müqayisədə 32% azalıb. Buna əsas səbəb Tesla-nın Şanxaydakı zavodunun bağlanması və yeni zavodlarda istehsal problemləri səbəbindən tələbatı ödəyə bilməməsi olub. Hətta bir müddət əvvəl Elon Musk-ın iqtisadiyyatla bağlı “çox narahatedici hisslər” keçirdiyini və şirkətin işçilərinin təxminən 10%-ni ixtisar etməsi lazım olduğunu demişdi. Hazırda Tesla-nın 1 səhminin qiyməti (TSLA) 742 dollardı.

Müəllif: Elnur Quliyev
