Bakı-Şuşa-Bakı: bilet almaq qaydaları

Bakı-Şuşa-Bakı marşrut xətti üzrə biletləri www.yolumuzqarabaga.az  portalı vasitəsilə onlayn qaydada almaq olar. Səfərə getmək istəyənlər bu sayta “ASAN login” ilə vasitəsilə daxil olduqdan sonra, bilet almaq üçün səfərin istiqaməti və tarixini seçməlidirlər. Bilet almaq üçün sistemə elektron (email) ünvanı, şəxsiyyət vəsiqəsinin seriyası və fərdi identifikasiya nömrəsi daxil olunmalıdır. Bundan başqa, mobil telefonun nömrəsi də qeyd edilməlidir. Müraciət edən şəxsin yaşı 18-dən yuxarı olmalıdır. Tələb olunan məlumatlar sistemə daxil edilən zaman şəxsin məlumatları müvafiq informasiya sistemlərindən yoxlanılır. Bilet alan imtiyazlı şəxs olub-olmaması, eyni zamanda COVİD-19 peyvəndi və ya immunitetlə bağlı məlumatlar yoxlanılır.

Biletin qiyməti və ödəniş üsülu

Bilet üzrə ödənişlər “ASAN ödəniş” sistemi vasitəsilə onlayn həyata keçirilir. Bakı-Şuşa istiqaməti üzrə gediş haqqı 10,4 manatdır və sərnişinlər qayıdış biletini də qabaqcadan almalıdırlar. Cəmi 20.8 manat. Ödəniş uğurlu olduqdan sonra, vətəndaş portala yönləndirilir. Onlayn biletlər yüklənilə, həm də çap edilə bilər. Bilet sistemi müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün keçərlidir və digər şəxsə ötürülməsi mümkün deyil. İyun ayından etibarən sərnişinlər Bakı-Şuşa-Bakı istiqamətində həftədə 5 dəfə səfər edə biləcəklər.

Pulsuz bilet almaq imkanı

Şuşa şəhərinə getmək istəyən müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamət üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir. İmtiyazlı şəxslər işğaldan azad olunmuş ərazilərə yalnız bir dəfə ödənişsiz səfər etmək hüququ verilir.

Leave a Reply