Ticarət dövriyyəsinə görə dünyanın ən iri kriptovalyuta birjası olan Binance hüquq-mühafizə orqanları əməkdaşları üçün rəqəmsal aktivlərdən istifadə etməklə maliyyə cinayətlərinin aşkar edilməsi üzrə beynəlxalq təlim proqramına başlayıb. Təlim proqrama sentyabrın 27-də start verilib. Bu proqram kriptovalyutaların cəlb olunduğu elektron rabitə vasitələrindən istifadə etməklə kibercinayətkarlıq və fırıldaqçılıq hallarının müəyyən edilməsində dövlət orqanlarının işini sadələşdirməyə yönəlib. Birjanın “Binance Investigations” istintaq-tədqiqat qrupunun məlumatına əsasən son bir il ərzində Argentina, Braziliya, Kanada, Fransa, Almaniya, İsrail, Hollandiya, Filippin, İsveç, Cənubi Koreya və Böyük Britaniyadan olan tənzimləyicilər üçün 30-dan çox bu tip təlimlər keçirilib.

Təlimlərin təşkilatçıları arasında kiber-təhlükəsizlik üzrə ekspertlər, keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşları, həmçinin ən iri “darknet” saytları Silkroad və Hydra-nın fəaliyyətinin araşdırılmasında iştirak etmiş analitiklər və əməliyyatçılar daxildir. Təlim proqramına blokçeyn və kriptoaktivlərin əsas prinsipləri üzrə seminarlar, habelə rəqəmsal aktivlərin fəaliyyət göstərdiyi hüquqi mühitin araşdırılması daxildir. Bundan əlavə, Binance-in çirkli pulların yuyulmasına qarşı (AML) siyasəti və birjanın şübhəli kriptovalyuta əməliyyatlarını aşkar etmək üçün istifadə etdiyi üsullar müzakirə ediləcək.
Birjanın məlumatına əsasən 2021-ci ilin noyabr ayından Binance komandası hüquq-mühafizə orqanlarından daxil olan 27000-dən çox sorğulara cavab verib.

