Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat Nazirliyi metaversedə ofis açır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqtisadiyyat Nazirliyi virtual məkanda iştirakını genişləndirəcək. İş yerlərinin rəqəmsallaşdırılmasına dair qəbul edilən direktivə əsasən nazirlik metaversedə ofis açır. Virtual ofis çoxmərtəbəli bina formasında olacaq və hər mərtəbədə müvafiq olaraq nazirliyin müxtəlif xidmətləri təqdim ediləcək. İqtisadiyyat Nazirliyinin “Müştərilərlə İş Şöbəsi”-nin mütəxəssisləri vətəndaşlarla metaversedə qeydiyyatdan keçən kimi virtual ofisdə əlaqə saxlaya biləcəklər. Bu ofisdə virtual konfranslar və digər tədbirlər üçün auditoriya, həmçinin iclas zalı olacaq. Virtual ofis nazirliyin Abu Dabi və Dubayda yerləşən iki baş ofisini tamamlayacaq.

Metaversede yaradılan virtual ofis İqtisadiyyat Nazirliyinə BƏƏ rəhbərliyinin inzibati fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı direktivlərinə uyğun olaraq öz fəaliyyətində rəqəmsal xidmətlərin payını artırmağa imkan verəcək. İqtisadiyyat naziri Abdulla bin Touq Al Marri “bu, konsepsiyanın sübutu deyil, sınaqların üçüncü mərhələsidir” deyib.

Məlumat üçün qeyd edək ki, cari ilin may ayında BƏƏ-nin Virtual Aktivlərin Tənzimləməsi Agentliyi (VARA-Virtual Assets Regulatory Authority) metaversedə iri korporasiyaların olmasının populyarlığı fonunda Birləşmiş Ərəb Əmirliklərində virtual aləmdə (Sandbox) nümayəndəlik açan ilk agentlik olub.

Leave a Reply