İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq” Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə innovasiya ekosisteminin inkişafı üçün böyük əhəmiyyət kəsb edən “Caucasus Ventures” vençur fondu yaradılıb. Bu fond Azərbaycanda yaradılan ilk vençur kapital fondu hesab olunur. Fondun yaradılmasında əsas məqsəd toxum sonrası böyümə və “A” mərhələsində olan startaplara investisiya yatırmaqdır. Fond Azərbaycanın innovasiya ekosisteminin inkişafı üçün əlverişli şərait yaradacaq, ölkədə investisiya mədəniyyətinin formalaşmasına təkan verəcək, xarici startaplar və investorların diqqətini yerli bazara cəlb edəcək. Fondun nizamnamə kapitalı 11.3 milyon manat təşkil edir. “Paşa Holdinq” Şirkətlər Qrupu fonda 5 milyon manat və fərdi sahibkarlar 1.3 milyon manat vəsait ayırmaq haqqında razılığa gəliblər. Eyni zamanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi özəl tərəfdaşların təşəbbüsünə dəstək göstərərək “Caucasus Ventures”ə əlavə 5 milyon manat vəsait ayırıb. Fondunun rəhbəri Məmməd Kərim 29 noyabr tarixində keçirilən təqdimat mərasimində qeyd edib ki, fond 5 il ərzində Azərbaycan, Gürcüstan, Türkiyə, Orta Asiya və Şərqi Avropa ölkələrindən olan startaplara investisiya yatıracaq.

