Hedc fond nədir?

Hedc fond (hedge fund) investorların pullarını birləşdirən və minimal risklə maksimum gəlir əldə etmək üçün investisiya edən bir investisiya fondudur. Hedc fondlar investorların vəsaitlərini toplayaraq müxtəlif aktivlərə – səhmlər, istiqrazlar, daşınmaz əmlak, qiymətli metallar, valyutalar, fyuçerslər, opsionlara yatırım edirlər. Hedc fondu məhdud sayda investor üçün açıq olan bir şirkət şəklində özəl bir investisiya ortaqlığıdır. Bundan əlavə, hedcinq fondu gəlir əldə etmək məqsədi ilə daxili və qlobal bazarlarda uzun, qısa və törəmə mövqelər kimi mürəkkəb investisiya üsullarından istifadə edən idarə olunan investisiyalar toplusu kimi müəyyən edilir. Hedcinq sözü ingilis dilindən tərcümədə zəmanət, sığorta mənasını verir və maliyyə bazarlarında risklərin sığortalanmasına yönələn bir fəalyyətdir.

Əksər mütəxəssislər dünyanın ilk hedc fondunun yaradılmasını avstraliyalı investor Alfred Winslow Jones ilə əlaqələndirirlər. O, ilk dəfə 1949-cu ildə A.W. Jones & Co fondunu təsis edib. Jones, ilk müasir hedc fond meneceri hesab olunur və “hedc fond sənayesinin atası” kimi qəbul edilir. “Hedcinq fondu” termininin iqtisadi ədəbiyyata Fortune jurnalında işləyən Carol Loomis tərəfindən əlavə edildiyi güman edilir. Carol Loomis ilk dəfə 1966-cı ildə A.W. Jones & Co fondununun işini təsvir edərkən bu termindən istifadə edib. Fondun “hedcinq” konsepsiyası həm yüksələn, həm də düşən səhmlərdən mənfəət əldə etmək idi. Fond investisiya etdiyi qiymətli kağızların qiymətinin aşağı düşməsi halında özünü və investorlarını qorumaq üçün qısa mövqelərdən istifadə edirdi. Bu strategiya kapitalı qoruyan və həmin dövrün əksər investisiya siyasətlərindən fərqli idi.

Hedc fondlar üzrə ən yaxşı təcrübələrə ABŞ-da daha çox rast gəlmək olar. ABŞ Qiymətli Kağızlar və Birjaları üzrə Komissiyasının (SEC) hesabatlarına əsasən hedc fondlara bir çox hallarda pensiya fondları, institusional investorlar, sığorta şirkətləri və varlı insanlar investisiya qoyurlar. Hedcinq fondları yalnız akkreditə olunmuş investorları üzv kimi qəbul edir. 1 milyon dollardan çox likvid xalis dəyəri və ya illik xalis gəliri 200.000 dollardan çox olan şəxs akkreditə olunmuş investor hesab olunur. Akkreditə olunmuş investorların müəyyən səviyyədə maliyyə biliklərinə malik olduqları güman edildiyi üçün SEC onlara daha az tənzimlənən qiymətli kağız təkliflərinə investisiya qoymağa icazə verir. 

Hedc fondu necə pul qazanır? 

Hedc fondların gəliri iki əsas mənbədən formalaşır:

  • İdarəetmə haqqı. Bu əsasən 2% komissiya haqqı təşkil edir.
  • Performans komissiyası. Adətən portfel üzrə mənfəətin 15-20%-i həddində olur.

  Misal üçün, əgər hedc fonda 1 milyon dollar məbləğində investisiya etmisinizsə, həmin il 20.000 dollar məbləğində idarəetmə haqqı ödəyəcəksiniz. Bu haqq hedc fondun əməliyyatlarını əhatə etmək üçün istifadə olunur və birbaşa fondun idarə edilməsi ilə bağlı xərclərə yönəldilə bilər. Fond menecerinin məsuliyyəti pul vəsaitlərinin daxilolmalarını və xaricələrini idarə etmək və investisiya portfelini inkişaf etdirməkdir. Menecer fondun tətbiq etdiyi bütün investisiya qərarlarına və metodlarına görə məsuliyyət daşıyırlar. Əgər fondunun meneceri yaxşı performans göstərsə və investisiyanızı 1 milyon dollardan 1.2 milyon dollara qaldırsa, sizdən daha 40.000 dollar (performans komissiyası) alacaqlar. Beləliklə, investor illik 200.000 qazanc müqabilində fonda 60.000 dollar ödəmiş olur. “2-and-20” ödəniş strukturu artıq uzun müddətdir ki, hedc fondlarda bir standarta çevrilib.

Hazırda dünyanın ən iri hedc fondu milyarder Ray Dalioya məxsus Bridgewater Associates şirkətidir. Bu fond müxtəlif təyinatlı maliyyə təşkilatları, xeyriyyə fondları, universitetlər və xarici ölkələrin mərkəzi bankları kimi geniş miqyaslı müştərilər üçün 126 milyard dollardan çox aktivləri idarə edir.

Hedc fondların əsas üstünlükləri:

  • Düşən bazarlardan qazanmaq imkanı
  • Daha geniş çeşiddə maliyyə alətlərindən istifadə
  • İnvestisya portfelinin yüksək diversifikasiyası

Hedc fondların mənfi cəhətləri:

  • Giriş üçün yüksək tələblər
  • Xidmət haqqı üzrə yüksək komissiyalar
  • Fond menecerlərinin riskli strategiyaları

2022-ci il üzrə dünyanın ən iri 10 hedc fondları:

Ümid edirəm hedc fondar haqqında kiçik araşdırmam sizə faydalı oldu. Uğurlar!

Müəllif:  Elnur Quliyev 

Leave a Reply