Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti iyunun 22-də “Binance” kriptovalyuta birjası ilə birgə təlim keçirib. Təlim iştirakçıları ilə blokçeyn texnologiyası, kriptovalyutaların işləmə prinsipi, müxtəlif elektron cüzdan növləri və sektor üzrə mümkün risklər müzakirə edilib. Təlimçi Melanie Lefebvre kriptovalyuta əməliyyatlarının təhlili və izlənməsi məqsədi ilə açıq və kommersiya proqram təminatlarından (Chainanalysis) istifadə texnikası, bu proqram təminatından əldə edilə biləcək məlumatların öyrənilməsi barədə geniş məlumat verib. Tədris prosesində Binance platforması ilə ölkələrin maliyyə monitorinqi və hüquq mühafizə orqanları ilə əməkdaşlıq praktikası, həmçinin birja tərəfindən ölkələrə könüllü şəkildə gösətirilə biləcək dəstək imkanları təhlil edilib. Təlimin sonunda Binance birjasına edilən sorğu əsasında hansı məlumatların əldə edilə bilməsi imkanları ilə bağlı (KYC, P2P, trading əməliyyatları) nümunələr göstərilib və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Xatırladaq ki, Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, habelə müvafiq sahədə siyasətin formalaşmasında iştirak edən qurumdur. Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında müstəqil struktur vahidi olaraq 2009-cu ilin fevral ayında yaradılmışdı.
Müəllif: Elnur Quliyev



