2014-cü ildə kriptovalyuta sektorunda tarixində ən böyük oğurluq (850.000 BTC) hadisəsindən sonra müflisləşən bitcoin birjası – Mt.Gox, kreditorlarına təzminatın ödənilməsini 2024-cü ilə qədər təxirə saldığını açıqladı. Birjanın saytında dərc edilən rəsmi açıqlamada mülki reabilitasiya prosesinin başa çatdırılması üçün son tarix 31 oktyabr 2024-cü il olduğu bildirilib. Əvvəllər kompensasiyanın 2023-cü il oktyabrın 31-dək ödənilməsi nəzərdə tutulurdu. Gecikməyə əsas səbəb sənədlərin hazırlanmasında və yoxlanılmasında çətinliklər, eləcə də müxtəlif tənzimləyici orqanlardan icazə almaq zərurəti ilə bağlı olub. Bundan əlavə, birja qeyd edib ki, bəzi kreditorlar ona qarşı məhkəmə iddiaları qaldırıblar ki, bu da prosesi gecikdirə bilər. Sənədlərə əsasən, Mt.Gox hazırda təxminən 142 000 BTC (cari məzənnə ilə təxminən 3,8 milyard dollar), 143 000 BCH (30 milyon dollar) və 69 milyard yen (4,5 milyon dollar) dəyərindədir. Bu vəsaitlər təsdiq edilmiş bərpa planına uyğun olaraq kreditorlara paylanacaq.
Məlumat üçün qeyd edək ki, Mt.Gox dünyanın ilk və ən populyar bitcoin birjalarından biri idi. 2014-cü ilin fevral ayında birja fəaliyyətini dayandırdı və haker hücumu səbəbindən 850.000 BTC-dən çox itkisi olduğunu elan etdi. Bunlardan təxminən 200.000 BTC sonradan bərpa edildi. Həmin vaxtdan bəri 24.000-dən çox birja müştərisi vəsaitlərinin geri qaytarılmasını gözləyir. Mülki reabilitasiya prosesi 2018-ci ilin iyununda Tokio məhkəməsinin birjanın iflas ərizəsini rədd etməsindən sonra başlayıb.

