Bitcoin 35.000 dolları keçdi – əsas səbəblər

Oktyabrın 24-ü bitcoin 35.000 dollar qiymət həddini keçərək 35.280 dollara qədər yüksəldi. Bu, 2022-ci ilin may ayından bugünədək ən yüksək qiymət idi. Bitcoin-in qiymətinin artmasına səbəb iki məlumat “siqnalı” olub və onların hər ikisi ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) tərəfindən bitcoin spot birja fondları (spot bitcoin ETF) üçün müraciətlərin təsdiqlənməsi gözləntiləri ilə bağlıdır.

  1. ABŞ-ın Kolumbiya Dairəsi üzrə Apellyasiya Məhkəməsi oktyabrın 23-də SEC-ə Grayscale-in müraciətinə yenidən baxılması üçün rəsmi mandat verərək avqust qərarını təsdiq etdi. Məhkəmə, Grayscale-in təklif etdiyi Bitcoin ETF-nin SEC tərəfindən təsdiqlənmiş Bitcoin fyuçers ETF-ləri ilə fırıldaqçılıq və bazar manipulyasiyasına qarşı eyni qorumalara malik olduğunu müəyyən etdi.
  2. iShares/BlackRock Bitcoin ETF, Depository Trust & Clearing Corporation (DTCC) IBTC tikeri altında qeydiyyata alınıb. DTCC, Nasdaq birjasının kliriq əqdlərini tənzimləyir.

Nasdaq-da spot bitcoin ETF-lərin işə salınması kriptovalyuta cəmiyyəti tərəfindən bazarda yeni bir “buğa dövrü” üçün katalizator kimi qəbul edilir.

Niyə “spot bitcoin ETF” hazırda diqqət mərkəzindədir?

Məlumdur ki, dünyann böyük əksəriyyət ölkələrində kriptovalyutalara hələ də hüquqi status verilməyib. Yəni, kriptovalyutalar qanuni investisiya aləti hesab edilmir. Büdcəsinin müəyyən hissəsini rəqəmsal aktivlərə yatırıb pul qazanmaq istəyən şirkətlər və pərakəndə investorlar bunu sadəcə olaraq qeyri-qanuni olduğu üçün edə bilmirlər. Spot bitcoin ETF, bitcoin-in qiymətini izləyən və onu spot bazarda satın alan birja ticarəti fondudur. Bu fond investora birbaşa bitcoin almadan dolayı yolla onun qiymətinin dəyişməsində qazanmaq imkanı verir. İnvestorlar kriptovalyuta birjaları və elektron pul cüzdanları ilə məşğul olmaq əvəzinə, adi broker hesabları vasitəsilə Nasdaq, NYSE kimi beynəlxalaq birjalarda bitcoin ETF səhmlərini ala bilər. Bitcoin ETF, rəqəmsal valyutaya sahib olmaq və saxlamaqla bağlı risklər və mürəkkəbliklərdən narahat olmadan Bitcoin-ə investisiya qoymağa üstünlük verən ənənəvi investorlar üçün daha əlverişli və əlçatan maliyyə alətidir. Gözlənilir ki, spot bitcoin ETF-nin təsdiqlənməsi ənənəvi maliyyə və kriptovalyuta bazarları arasında boşluğu aradan götürə bilər.

Bitcoin-in dəyər qazanması birjalarda digər kriptovalyutaların qiymətlərinin 35%-ə qədər yüksəlməsi ilə nəticələndi. Hazırda bitcoin 34.150 dollar ətrafında ticarət olunur. Bazar kapitalizasiyası 658 milyard dollar olan bitcoin ümumi kriptovalyuta bazarının 53%-ni təşkil edir. Bununla da, bitcoin bazar kapitalizasiyasına görə dünyanın ən məşhur şirkətləri VİSA (487 milyard), Walmart (439 milyard), Exxon Mobile (429 milyard), JPMorgan Chase (408 milyard), Samsung (333 milyard), Master Card (364 nilyard), Nestle (298 milyard), Toyota (235 milyard), Bank of Amerika (201 milyard), Coca-Cola (240 milyard) keçdi.

Müəllif:  Elnur Quliyev 

Leave a Reply